Sabirabad sakininə qarşı 13 min manatlıq dələduzluq - “Sabirabad polisi şikayətimə qəsdən və məqsədyönlü şəkildə baxmır”
27-06-2024, 10:34

Sabirabad rayonu, Qalağayın kənd sakini Hüseynova Almas Zülfüqar qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu satıcı işlədiyi qızıl mağazasında aldadaraq, külli miqdarda ziyan vurublar:
“Mən, Hüseynova Almas Zülfüqar qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
2023-cu ildə Sabirabad rayon sakini Zeynalov Vüqar Tofiq oğlu məni aldadaraq, dələduzluq yolu ilə 13 min manat dəyərində qızılımı mənimsəyib. Bu günə kimi çoxsaylı şikayətlərimə Sabirabad RPS tərəfindən baxılmır.
RPS-nin Baş müstəntiqi Elvin adlı məmur məni aldadır ki, dələduzluq edən şəxs Zeynalov Vüqar Tofiq oğlu axtarışdadır. Halbuki, bunun yalan olduğunu bilirəm. Cavabdeh şəxs sərbəst şəkildə azadlıqda gəzir.
Onu da qeyd edim ki, Vüqar məndən başqa, eyni zamanda digər iki şəxsi də aldadaraq Günel Hüseynovaya qarşı 10 min, Elmira Fərəcovaya qarşı isə 5 min manat dəyərində dələduzluq etmişdir. Bunlarla yetinməyən Zeynalov Vüqar Könül adlı qadına və Tural adlı şəxsə də 5 min manat dəyərində ziyan vurmuşdur.
Adlarını çəkdiyim şəxslərin və mənim şikayətimə Sabirabad rayon polisi qəsdən və məqsədyönlü şəkildə baxmır. Bir sözlə, polis cinayət hadisəsinə göz yumur. Səbəbi isə maraqlıdır.
Vüqarın özü mənə zəng vuraraq dəfələrlə qeyd edib ki, heç nə edə bilməyəcəksiniz, mənim arxamda vəzifəli şəxslər durur. O bildirir ki, onun arxasında sahə müvəkkili Rahum və polis rəisi Ramin Qədirov durur.
Sonda sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan kömək istəyirəm. Sabirabad Rayon Polis İdarəsi işimə baxmadığı üçün səlahiyyətli qurumlardan müvafiq tədbirlər görülməsini xahiş edirəm”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.