Bəzi bank rəhbərlərinin həbsi gözlənilir
2-09-2016, 10:50
Son bir ayda ölkənin valyuta bazarında yaranan dollar qıtlığı artıq daha ciddi problemə çevrilib. Bankların əksəriyyəti dollar satmaqdan imtina edib. Bəzi banklarda isə bir müştəriyə satılan dolların həcminə kəskin məhdudiyyət qoyulub, bir nəfərə 100 dollardan artıq satılmır. Vətəndaşlar məcbur qalaraq daha çox dollar ala bilmək üçün digər ailə üzvlərini, dost-tanışlarını gətirib bankların qarşısında növbə gözləməli olurlar.
Halbuki Mərkəzi Bank tərəfindən banklara dollar satışının dayandırılması ilə bağlı heç bir tapşırıq verilməyib. Məlumatlara görə, banklar rəsmi şəkildə satmaqdan imtina etdikləri dollarları gizli şəkildə “qara bazar”a çıxarır və daha baha qiymətə satırlar.
Dollar satışına qoyulan məhdudiyyət isə xaricə getmək istəyən vətəndaşları, ticarətlə məşğul olanları, ən əsas da biznesi çətin vəziyyətə salıb. Hətta “Yeni Müsavat”a daxil olan məlumata görə, xəstəsini xarici ölkələrə əməliyyat üçün aparan şəxslər belə dollara ala bilmədiyi üçün günlərdir ölkədən çıxa bilmirlər.
Bəs görəsən, bankların fəaliyyətini tənzimləyən qanunverici aktlarda xarici valyuta satışı ilə bağlı məsələ necə əksini tapıb? Vətəndaşın ona dollar satmayan bankı məhkəməyə vermək hüququ varmı? İndiki iqtisadi situasiyada vətəndaşlar bankları məhkəməyə verə bilərmi?
Hüquqşünas Müzəffər Baxış bildirdi ki, Milli Məclisdən başqa heç bir qurum banklarda valyuta satışının məhdudlaşdırılması haqqına qayda müəyyən edə bilməz: “Banklar indiki vəziyyətdən sui-istifadə edirlər. Məndə bu barədə geniş məlumatlar var. Bu və ya digər dərəcədə dollar satışına məhdudiyyət, 100-200 dollar həcmində limit qoymaqla satış həyata keçirirlər. Lakin bu qanunsuzdur. Nə Mərkəzi Bankın, nə də digər bir orqanın, bankların səlahiyyəti yoxdur ki, belə bir limit tətbiq eləsin. Belə bir qaydanı yalınız Azərbaycan Respublikasının Milli Məclisi xüsusi qanunla müəyyən edə bilər. Bu şəkildə ki, banklarda fiziki və ya hüquqi şəkildə, məsələn, 300 dollardan artıq valyuta satmaq olmaz. Bu məsələ yalnız qanunla müəyyən edilə bilər. Bu, nə Mərkəzi Bankın nə Maliyyə Bazarlarına Nəzarət Palatasının təlimatıdır, nə prezident, nə də Nazirlər Kabineti belə bir qaydanı müəyyən edə bilməz. İndiki halda bu vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olan məsələdir. Bu məsələ ilə bağlı qaydaları Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə görə, yalnız Milli Məclis müəyyən edə bilər. Bu, məsələnin hüquqi tərəfidir”.
Hüquqşünas bankların bu əməlinin cinayət əməli olduğunu və Cinayət Məcəlləsinə görə məsuliyyət daşıdığını vurğuladı: “Digər tərəfdən əgər araşdırmalar zamanı müəyyən olunsa ki, bankın kifayət qədər valyutası var, lakin onları gizlədir, valyuta satışı həyata keçirmir, bankın bu göstəriş verən vəzifəli şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci və 309.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır. Çünki onlar o göstərişi verməklə vəzifələrindən sui-istifadə edirlər və bunun nəticəsində vətəndaşların mənafeyinə böyük ziyan vururlar. Məsələn, belə bir kazus götürək ki, bir şəxs xaricdə ali təhsil müəssisəsinə daxil olub, ora 2000 ABŞ dolları köçürməlidir. Bu gün mütləq həmin pulu köçürməlidir. Əgər bu gün köçürməsə, həmin təhsil müəssisəsində oxumaq haqqını itirir. Bankların vəzifəsindən sui-istifadə etməklə dollar satmaması nəticəsində bu gün həmin şəxs xaricdəki ali təhsil müəssisəsinə pul köçürə bilmirsə, orada təhsil almaq haqqını itirirsə, onun mənafeyinə ciddi ziyan dəyirsə, bu, sırf bankların məsuliyyətidir. Ancaq təəssüflər olsun ki, Azərbaycanda normal hüquq-mühafizə fəaliyyəti olmadığına, bu orqanlar yalnız siyasi sifarişlərlə fəaliyyət göstərdiyinə görə, belə cinayət törədən şəxslər vaxtında aşkarlanıb cinayət məsuliyyətinə cəlb edilmir”.
Musavat.com