Ərəb axınının ölkəmizə xeyri nədir?
2-09-2016, 12:54
Viza rejiminin sadələşdirilməsindən sonra Ərəb ölkələri üzrə Azərbaycana gələn turistlərin sayı kəskin artıb.
Belə ki, 2016-cı ilin fevralın 1-dən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər bir sıra ölkələrin vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin təmin edilməsi mövcud turist axınına öz müsbət təsirini göstərib, adıçəkilən ölkələrin böyük əksəriyyətindən ölkəmizə gələn əcnəbi vətəndaşların sayında əsaslı artım qeydə alınıb.
Ölkəmizə gələn Ərəb turistlərlə bağlı statistika ötən illərlə müqayisədə xeyli fərqin olduğunu göstərir. Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə (530 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 10 086 nəfər olmaqla 19 dəfə, Bəhreyndən gələn qonaqların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə (32 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 422 nəfər olmaqla 13 dəfə artım qeydə alınıb. Bununla yanaşı, Ərəb ölkələri arasında ən yüksək artım tempi İraqda qeydə alınıb.
Cari ilin ilk altı ayı ərzində 11 028 nəfər İraq vətəndaşı ölkəmizə səfər edibki, bu da əvvəlki ilin yanvar- iyun aylarındakı göstəricilərdən (376 nəfər) 30 dəfə çoxdur.
2016-cı ilin birinci yarımili ərzində Ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (3158 nəfər) təxminən 22 min nəfər (8 dəfə) çoxdur.
Xarici ölkə vətəndaşlarının Azərbaycana səfəri ölkə turizminin inkişafına necə təsir göstərib?
İqtisadçı deputat Vahid Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, ölkəmizdə hər zaman turizm məsələsi diqqətdə saxlanılır.
Deputatın fikrincə, son illər ölkəmizdə böyük otellərin açılması və yeni turizm obyektlərinin yaradılması xarici turistlərin diqqətini cəlb edir: “Turizmlə əlaqədar olaraq bölgələrdə xeyli iş görülüb. Həmçinin Azərbaycan regionda ən stabil və sabit ölkədir. Turistlər istirahət etmək üçün stabil və sabit ölkə axtarır. Ona görə də Ərəb ölkələrindən gələn turistlər daha çox Azərbaycana meyl edirlər. Onların istirahət etməsi üçün Azərbaycanda istənilən şərait yaradılıb. Müəyyən problemlər var ki, onlar da həll olunur. Ölkəmizə gələn ərəb turistlər kifayət qədər yaxşı pul xərcləyirlər və bu da dövlət büdcəsinə əlavə gəlir deməkdir. Ümumilikdə, turizmin dövlət büdcəsinə çox böyük xeyri olacaq”.
Millət vəkil qeyd edib ki, ərəb ölkələrindən turistlərin ölkəmizə gəlişi davamlı olacaq: “Növbəti illərdə daha çox turistin gələcəyi gözlənilir. Çünki turizm obyektlərinin tikintisi davam etdirilir”.