Faizə pul verən deputatın sələmçi dostu da məhkəməyə verildi
5-09-2016, 09:31
Deputat Rüfət Quliyevin sələmçilik fəaliyyəti haqda ötən saylarımızda yazmışdıq. R.Quliyev Səbayel Məhkəməsinə iddia təqdim edərək 2011-ci ildən başlayaraq tanışı Namiq Səfərova sələmə üst-üstə 65 min manat pul veridiyini, sonradan bu məbləği faizlərlə birgə 328 min dollar hesabladığını diqqətə çatdırmışdıq. N.Səfərov 2015-ci ilin fevralında dünyasını dəyişib.
Deputat iddiasında 328 min dolların mərhumun əmlaklarına yönəldilməsini tələb edirdi. Deputatın sələmə pul verdiyi mərhum Namiq Səfərovun həyat yoldaşı Nuranə Səfərova müxtəlif instansiyalara məktub yazaraq deputatın onun mərhum həyat yoldaşı ilə 40 ilə yaxın dostluq etdiyini, həyat yoldaşının ölümündən sonra isə Rüfət Quliyevin onların əmlaklarını ələ keçirmək üçün hərəkətə keçdiyini qeyd edib. Artıq bu iş üzrə məhkəmə qərar verib.
Redaksiyamıza daxil olan məlumata görə R.Quliyevin yaxın dostu Qəzənfər Məmmədovla da bağlı Səbayel Rayon Məhkəməsində eyni mahiyyətli araşdırma keçirilir. Hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə iddiaçı Nərgiz Qədimovadır. 2015-ci ilin mayında N.Qədimovanın yaxın qohumu Tərlan ona məxsus olan və Salyan prospekti 32 ünvanında yerləşən torpaq sahəsini deputatın dostuna girov verməklə 60 min manat alıb. Bundan bir neçə ay sonra həmin şəxs saxlanılıb. Bir neçə aylıq istintaq dövründə həbsdə qalan Tərlan sonda bəraət alıb. Həbsdən çıxandan sonra isə deputatın dostu Qəzənfər Məmmədova pulunu qaytarıb torpağı geri almaq istəyib. Lakin deputatın dostu verdiyi 60 min manatın əvəzinə ondan 300 min dollar tələb edib. Q.Məmmədova 60 min manatın əvəzinə 60 min dollar təklif olunsa da, o, bu məbləği alıb torpağı geri qaytarmaqdan imtina edib. Bundan sonra N.Qədimova məhkəməyə üz tutub və deputatın dostundan məhkəmədə verdiyi pula görə ondan 300 min manat tələb etməsini əsaslandırılmasını istəyib. Hazırda məhkəmə çəkişməsi davam edir. Q.Məmmədov məhkəmədə tələbini əsaslandıra bilmir. 4 ay əvvəl başlanan məhkəmə prosesi davam edir. musavat.com
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!