«TƏKCƏ QAZ ÇƏKMƏYİN RÜŞVƏTİ 30-40 MİN MANATDIR…» - Sahibkar, ölkəyə milyardalar gətirməyin bir yolunu göstərir
6-09-2016, 00:43
Keçmiş jurnalist, hazırda Şəmkir rayonunda fermer təsərrüfatının sahibi Şahin Nəcəfov “Facebook”da bu rayon əhalisinin əsas məşğulluq sahəsi olan istilikxanalarla bağlı maraqlı status paylaşıb.
Ş.Nəcəfov xatırladıb ki, Prezident İlham Əliyev bugünlərdə Salyan rayonuna səfəri zamanı ölkəyə valyuta gətirən sahələri inkişaf etdirməyin vacibliyini bir daha qeyd edib. Prezident, həmçinin bildirib ki, bu il 2 min hektar əkilən pambıq sahəsini gələn illər 7 min hektara kimi qaldırmaq lazımdır. Sahibkar, Prezidentin bu çağırışı fonunda maraqlı bir müqayisə aparıb:
“Hər hektar pambıq sahəsində 4-5 adam işləyə və maksimum 2-3 ton pambıq yığıla bilər. Bu da maksimum ölkəyə 1500-1600 dollar valyuta gətirsin. Amma təkcə Şəmkir-Samux zonasında 6 min hektar parnikdə məhsul yetişdirilir. Hər hektardan ən azi 200-250 ton məhsul alınır. Bir hektar pomidor parnikindən 150-200 min dollar pul qazanmaq mümkündür. Hər hektarda 10-12 adam işləyir. Yani 6 min hektar parnik milyardlarla dollar gəlir, təxminən 100 min insan ücün iş yeri deməkdir.
Bu məhsulların satışı əsasən ölkədən kənarda həyata keçirilir. Amma bu parnikə təkcə qaz çəkməyin rüşvəti 30-40 min manatdır! İldə bir-iki dəfə qışın oğlan cağında “qazı kəsirik”, deyib “Qaza nəzarət”dən gəlib sayğaca müdaxilə adı ilə 10-15 min pul alib gedirlər. Və yazıq şəmkirli gələnə başa sala bilmir ki, sayğaclar parnikdən 3-4 km aralıda, qaz idarəsinin həyətindədir ve açarları da idarədə olur. Ölkədən mal çıxışı isə özü boyda bir problemdir. İşiq çəkmək də qaz çəkilişi qədər başqa bir problemdir.
Əlqərəz, hökumət bu sahəyə xüsusi diqqət ayırmalıdır. Parnikə lazım olan kübrə, selofan və digər mallara güzəştlər tətbiq etməlidir. Qış aylarında qazın və mazutun qiymətləri güzəştli olmalıdir. Bu gün bizim yeganə bazarımız Rusiya ve digər MDB bazarlarıdır. Amma gələn ildən kənd təssərüfatı məhsullarını Avropa bazarına çıxarmaq ücün xüsusi plan hazırlanmalıdır. Bölgələrdə laboratoriyalar qurulmalıdir, savadlı mütəxəssislərin yetişdirilməsinə diqqət edilməlidir….”