QMİ rəsmisindən XƏBƏRDARLIQ: - "Birinə quyruq, birinə ciyər, birinə bud..."

6-09-2016, 12:56           
QMİ rəsmisindən XƏBƏRDARLIQ: - "Birinə quyruq, birinə ciyər, birinə bud..."
Qafqaz Müsəlmanlar İdarəsinin(QMİ) sədr müavini Hacı Fuad Nurullayev Modern.az saytına məsələ ilə bağlı açıqlama verib.
O bildirib ki, qurban kəsən insan, ilk olaraq öz qohum-əqrəbasında olan yoxsul, həqiqətən möhtac olan insanlara pay verməlidir.

“Daha sonra isə kəndində, küçəsində, ətrafda olan insanlardan yoxsullar, ehtiyacı olanlar, sahibsiz qocalara paylanmalıdır. Tam bilinməlidir ki, onlar möhtac olan insanlardır, ailəsi kasıb vəziyyətdə yaşayan insanlardır.

Qurban payının 2 hissəsi mütləq həqiqətən ehtiyacı olan insanlara verilməlidir. bir hissəsi isə qurban kəsənin ailəsinə çatır. Dinimizdə buyurulur ki, qurban payı tam ehtiyacı olan insanlara verilsin. İmkanı olan, ət ala bilən, ailəsini normal dolandıra bilən qohumlara, qonşulara, yaxınlara qurban payı vermək düzgün deyil. Qurban bayramının mahiyyəti ondan ibarətdir ki, ət ala bilməyən, həqiqətən ehtiyacı olan insanların evlərinə ət girsin. Yoxsa “filankəsə qurban payı vermədim məndən inciyər, ayıbdır” deyə ehtiyacı olmayan birinə qurban payı vermək qəbul olunmur”.

QMİ rəsmisi bildirib ki, əgər kimsə 15 kiloqramlıq bir heyvan qurban kəsibsə, onun 5 kilosu qurban kəsən ailəyə, 10 kilosu isə yoxsullara, ehtiyacı olanlara pay verilməlidir.

“Ətin bölgüsü ədalətli şəkildə olmalıdır. Birinə quyruq, birinə ciyər, birinə bud hissədən verilməsi düzgün deyil. Kəsilən heyvanın bədən üzvlərinin hər hissəsindən verilən qurban payına əlavə edilməlidir. Bölgüdə paylanılan heyvanın budundan, qolundan, quyruğundan, qabırğasından, ciyərindən, ürəyindən və digər hissələrindən istənilən paya halal olaraq bölünməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.