Hacı Surxay Məmmədli «Bir neçə nəfərin həmrəy olub qurban kəsməyi bəyənilən bir işdir»

7-09-2016, 10:32           
Hacı Surxay Məmmədli «Bir neçə nəfərin həmrəy olub qurban kəsməyi bəyənilən bir işdir»

“Bir neçə nəfərin həmrəy olub qurban kəsməyi bəyənilən bir işdir və burada hər hansı əks fikirlər səsləndirmək doğru addım deyil”. Bu sözləri İçərişəhər Cümə məscidinin axundu, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli Qurban bayramı ilə bağlı səslənən bəzi fikir ayrılıqlarına münasibətini bildirərkn deyib. Tanınmış ilahiyyatçı təəssüflə qeyd edib ki, istər digər müqəddəs bayramlar, istərsə də Qurban bayramı ərəfəsində bir sıra şəxslər ictimai fikirdə çaşqınlıq yaradan, əsassız olan “fətvalar” verərək, böyük günaha batırlar. Halbuki, İslam dininin ən vacib bayramlarından sayılan Qurban bayramı insanların rifahını yüksəldən və bərabərliyə xidmət edən bayramlardan biridir: “Allah Təala müqəddəs Qurani Kərimdə bu bayramın ayinləri haqqında açıq aşkar dəlillər göstərərək insanları ağ-qara, ərəb və əcəm demədən Məkkədəki öz müqəddəs evinə - Kəbəyə toplayır, həmrəy olmağa və bir birilərinin rifahını yüksəltməyə çağırır. Bu baxımdan, Qurban bayramı həm də birlik-bərabərlik bayramı kimi qeyd edilir. Bu bayram günü bütün müsəlmanlar bir araya gəlib dua və ibadətlərini edir, qurbanlarını kəsirlər. Beləliklə aydın olur ki, Rəbbimiz Həccə müşərrəf olan hər bir şəxsə Qurban kəsməyi vacib bilir və kəsilən qurbanları yoxsullara paylamağı tapşırır”.
Hacı Surxay Məmmədli müqəddəs kitabdan dəlil gətirərək bildirib ki, kəsilən hər bir qurban inanclı insanların Allaha ibadətlərinin təqvasıdır: “Qurani Kərimin Həcc surəsində uca Allah buyurur – “Sizin üçün qurbanlıqda bir mənfəət vardır”. Kəsdiyiniz qurbanların nə əti nədə qanı Allaha çatmır. Allaha çatan yalnız sizin təqvanızdır. Dinimizdə insanı təqvaya ucaldan qurbanlıq vacibatı Həccə getməyənlər üçün isə öz vətənlərində savab və bəyənilən əməllərdən biri olduğu göstərilir. Bu baxımdan, qurbanlıq həmrəylik,birlik və bərabərlik rəmzidir. İmkanı olan kəslər öz vətənlərində də Qurbanlıq ayinini imkan olduğu çərçivədə icra edə bilərlər. Hətta bir neçə nəfər birləşib öz vətənlərində bir qoyun kəsə bilərlər. Buradan da aydın olur ki, bir neçə adamın həmrəy olub qurban kəsməsi bəyənilən bir işdir. Buna müqəddəs İslam şəriəti icazə verir”.
Hacı Surxay bildirib ki, bəzi dırnaqarası ilahiyyatçı donunu geyinənlər, dövlətə və milli mənəvi dəyərlərə düşmən olan ünsürlər bayram ərəfəsində İslam şəriətinə zidd olaraq öz vətənlərində bir neçə nəfərin birləşib bir qurban kəsmələrinə qarşı çıxırlar, qondarma, əsassız, məntiqə uyğun olmayan fikirləri ilə fikir ayrılığı toxumu səpirlər. Lakin belələri bilməlidirlər ki, bütün hallarda gerçək İslam mənəviyatı, buyrulan əməllərlə bağlı istənilən faktlar müqəddəs Quranda öz əksini tapıb. Saf və dəyərli Azərbaycan cəmiyyətimizi çaşqınlıqla qarşı-qarşıya qoymağa cəhd edənlər bilməlidirlər ki, biz hər zaman belə ünsürlərlə mübarizə aparmışıq və aparacağıq da! Eyni zamanda, cəmiyyətimizi bu kimi fitnələrə uymamağa çağırırq”.
Hacı Surxay sonda hər bir azərbaycanlını qazrşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib və kəsiləcək qurbanların Allah dərgahında qəbul olunmasını arzulayıb: “Xalqımızı qarşıdan gələn müqəddəs Qurban bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir uca Allahdan ölkəmizə bol bol ruzi və firavan həyat arzu edirəm”.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.