Dollar qazandırmır, qızıl da ucuzlaşa bilər: Pulumuzu necə saxlayaq? - AKTUAL
13-08-2024, 08:48
Hazırda London əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2 430-2 440 ABŞ dolları (4 131-4 148 manat) arasında dəyişir.
O cümlədən, birjada 999,9 əyar qızılın 1 qramının qiyməti 78 ABŞ dollarıdır (təxminən 133 manat), 750 əyar qızılın 1 qramının qiyməti 59 ABŞ dolları (təxminən 100 manat), 585 əyar qızılın 1 qramının qiyməti isə 46 ABŞ dolları (təxminən 78 manat) təşkil edir. Yerli bazarda satış qiymətləri isə 999,9 əyar qızıl üçün 140-150 manat, 750 əyar qızıl üçün 130-150 manat, 585 əyar qızıl üçün isə azı 100 manatdır.
Bəzən əhali banklara vəsait qoymaqdan çəkinir, pulunu banka əmanət etmək istəmir. Maraqlıdır, belə olan halda əlində müəyyən qədər vəsait olan şəxsə dollar almaq daha sərfəli olar, yoxsa qızıl?
İqtisadçı Fuad İbrahimov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, manatın ucuzlaşması tarixçəsini yenidən yaşaya bilərik:
"Ümumiyyətlə, 2-3 min vəsaitlə perspektiv qurmaq çətindir. Ən başlıcası, o pulun elə özünü qorumaq lazımdır. Nəzərə almaq lazımdır ki, hazırda manatın məzənnəsi dayanıqlıdır, hər hansı təhlükə fonu yoxdur, amma iqtisadiyyatdır, hər şey ola bilər.
Növbəti ilin yarısına qədər hər hansı devalyasiya gözlənilmir. Amma neftdən asılılığımızı nəzərə alaraq, manatın ucuzlaşması tarixçəsini yenidən yaşaya bilərik".
Onun sözlərinə görə, qızıl ardıcıl olaraq bahalaşır, dinamik artım var, amma bu, təhlükənin olmayacağı demək deyil:
"Ancaq nəzərə almaq lazımdır ki, qiymətlərin qəfləti aşağı düşməsi halı var. Yəni qızılın da qiyməti qəflətən aşağı düşə bilər. O ki qaldı banklara, onlar ən dayanıqlı vəziyyətdədir. Banklara vəsaiti yerləşdirsəniz, yatırımın məbləğindən asılı olaraq, əmanətləri sığortalasınız, heç bir risk yoxdur. Dövlətimiz buna zamindir. Yəni əslində, ən etibarlısı bankdır".
Onun sözlərinə görə, dollar da, qızıl da olsa, müəyyən qədər risklər var:
"Evlərin necə sığortalanması göz qabağındadır. Hər hansı bir yanğın, oğurluq kimi nəsə olanda sığorta onu qarşılamır. Belə vəziyyətdə təklif vermək asan deyil. Ancaq banklar əmanətləri sığortalayır, dollar etibarlıdır, amma kifayət qədər gəlir gətirmir, qızıl da anidən ucuzlaşa bilər. Beləliklə, bu üç mənbədən də istifadə etmək olar, amma seçim vətəndaşındır".