"..2-2, 3-3 quzu verməyimi xahiş edirdi və deyirdi ki, guya bunlar yuxarı rütbəli DİN zabitlərinə gedəcək."
10-09-2016, 11:51
” Vaxtilə polis orqanlarında xidmət edən, lakin xidmətdən uzaqlaşdıqdan sonra da özünü “seçilmiş” kimi aparan şəxslər barədə davamlı şikayətlər eşidirik. Bəzən keçmiş polis işçilərinin adı nəinki biznes fırıldaqlarında, hətta xırda sahibkarların, sıravi vətəndaşların haqqının mənimsənilməsində də hallanır. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Şahsuvar Şahsuvarov adlı vətəndaş bildirib ki, Bakıda iri və xırda buynuzlu mal-qaranın ticarətiylə məşğuldur. Onun sözlərinə görə, üç il əvvəl Məzahir Əhliman oğlu Niftəliyev adlı şəxs ondan 1900 manatdan çox dəyərdə mal alıb, amma hələ də bu pulu ödəmir.
“Bu şəxs 20 ildən çox polis orqanlarında xidmət edib. Sahibkardır, Binəqədidə beton zavodları, Saatlıda 300 hektara yaxın torpaq sahələri var. Malı-mülkü, biznesi pis deyil. Sağlığına qismət, amma məndən aldığı qoyun-quzunun pulunu üç ildir vermir. Vaxtaşırı bir qara “Volqa” göndərirdi, zəng edib məndən 2-2, 3-3 quzu verməyimi xahiş edirdi və deyirdi ki, guya bunlar yuxarı rütbəli DİN zabitlərinə gedəcək. Məni arxayın edirdi ki, tezliklə pulunu ödəyəcək. Lakin 3 il keçib, hələ də ondan pulumu ala bilmirəm. Müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışır”, – deyə Ş.Şahsuvarov Qafqaznews.az-a bildirdi.
Biz məsələyə aydınlıq gətirmək üçün Məzahir Niftəliyevlə əlaqə saxladıq. M.Niftəliyev əvvəlcə Ş.Şahsuvarova borcu olmadığını bildirdi: “Yalan deyir, əslində onun mənə borcu var”. Lakin üstündən bir saata yaxın vaxt keçdikdən sonra, M.Niftəliyev özü bizim redaksiyamıza zəng etdi və həqiqətən də Ş.Şahsuvarova borcunun olduğunu bildirdi.
“Bəli, ona borcluyam, amma cəmi 1400 manat. Onu da hissə-hissə ödəyəcəm. İndi imkan zəifdi, hər həftə 200 manat verəcəm ona”, – deyə M.Niftəliyev qeyd etdi. O, hər hansı yüksək rütbəli DİN zabitinin adından istifadə etmədiyini bildirdi: “Mən heç kimin adından istifadə etməmişəm, onu düz demir”.
Biz M.Niftəliyevdən beton zavodları və torpaq sahələri haqda soruşduq. “Bəli, zavodlarım var, əvvəl Abşeronda təmir-tikinti işləri olurdu, ora beton verirdik. İndi hər yerdə işlər dayanıb. Çətinlik yaranıb. Torpaq sahələrimiz də yanıb, bu il məhsul olmayıb. Ona görə də, maddi cəhətdən sıxıntılar var”, – deyə M.Niftəliyev cavab verdi.