“Qırmızı Körpü”də şəhid ailəsindən izahat tələb edirlər - ŞİKAYƏT VAR

15-09-2016, 13:50           
“Qırmızı Körpü”də şəhid ailəsindən izahat tələb edirlər - ŞİKAYƏT VAR
Artıq bir neçə müddətdir ki, Tovuz Gömrük İdarəsinin tabeliyində fəaliyyət göstərən “Qırmızı körpü” gömrük keçid məntəqəsinin rəhbərliyi və əməkdaşları tərəfindən şəhid ailəsi Ofelya Qurbanovanın, eləcə də daha bir neçə nəfər vətəndaşın hüquqları kobud şəkildə pozulmaqdadır. Qeyd etmək istəyirik ki, bu vətəndaşlar gömrük keçid məntəqəsinin rəhbərliyi və əməkdaşları tərəfindən süni şəkildə yaradılmış problem barədə redaksiyamıza ünvanladıqları müraciətlərində bəhs etmişlər. Belə ki, hüquqları pozulan vətəndaşlardan biri, Ağstafa rayonu, Vurğun qəsəbə sakini Eyyubov Vahid Nəsib oğlu ilk dəfə redaksiyamıza etdiyi müraciətində göstərmişdi ki, o, öz ailəsinin dolanışığını özünə məxsus olan 05 BC 388 nömrə nişanlı QAZ 53 markalı avtomobilin istismarı ilə təmin edir. Daha sonra şikayətçi “Qırmızı körpü” gömrük keçid məntəqəsində rastlaşdığı özbaşınalığın təfərrüatlarını belə təsvir edirdi: “Mən 24 avqust 2016-cı il tarixdə təmənnasız olaraq, şəhid ailəsi Qurbanova Ofelya Rəşid qızının Gürcüstan Respublikasının Lilo bazarından qızı üçün aldığı cehizlik ev əşyalarını, həmçinin Məhərrəm və Nurlan adlı şəxslərin şəxsi istifadə üçün aldıqları məişət əşyalarını sənədləri ilə birlikdə öz maşınımla Qazax rayonunun ərazisində yerləşən “Qırmızı körpü” kömrük məntəqəsinə gətirdim. Maşınımda hər bir vətəndaşın adına məxsusi sənədlərlə birlikdə bir ədəd televizor, bir ədəd soyuducu, bir ədəd paltaryuyan, bir ədəd tozsoran vardı. Rəis Mehman Sadıqovun göstərişi əsasında mənə məxsus olan avtomobili “Sınıq körpü” məntəqəsində möhürləyib saxlayıblar. Halbuki, Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən hər bir vətəndaşın xarici ölkədən şəxsi istifadə üçün 1500 (min beş yüz) dollar dəyərində əşya alıb gətirə bilər. Mehman Sadıqov özü bilərəkdən 305 saylı qərarın əksinə gedərək bizi incidir...” Eyni zamanda da redaksiyamıza Vahid Eyyubovun şikayət əeizəsində adlarını çəkdiyi vətəndaşlar tərəfindən ölkə rəhbərliyinə ünvanlanmış müraciətlərin surətləri də təqdim olunmuşdur. Belə ki, Ağstafa rayonu, M.Allahverdiyev küçəsi, ev 64 ünvanında yaşayan şəhid ailəsi Qurbanova Ofelya Rəşid qızı, eləcə də Ağstafa rayonu, Vurğun qəsəbə sakinləri Rzayev Məhərrəm Abdulla oğlu və Əsgərli Nurlan Nəsimi oğlu tərəfindən imzalanmış şikayət ərizəsində də Vahid Eyyubovun təqdim etdiyi faktlar tamamilə təsdiq olunur. Artıq qeyd etdiyimiz kimi, hüquqları pozulmuş vətəndaşların sayı artdıqca, yuxarı instansiyalara ünvanlanan şikayətlərin də sayı artır. Belə ki, hüquqları pozulmuş Ofelya Qurbanova, Məhərrəm Rzayev və Nurlan Əsgərli də başlarına gələnlərlə bağlı ölkə rəhbərliyinə şikayət teleqramı ünvanlamışdılar. Lakin vətəndaşların bu addımları da gömrük əməkdaşları tərəfindən tam etinasızlıqla qarşılanır. Belə ki, bir qədər sonra aldığımız açıqlamada deyilirdi: “...01.09.2016-cı il tarixində Vahid Eyyubova zəng edərək sürücünü və biz vətəndaşları şəxsi istifadə üçün gətirdiyimiz əşyaların götürülməsi üçün Tovuz Gömrük İdarəsinə dəvət etdilər. Biz dəvəti hörmətlə qəbul edərək getdik. Adlarını bilmədiyimiz gömrük əməkdaşları bizə hörmətsizlik edərək, lağ etdilər və dedilər: “Nə qanun? Biz sizinlə belə etməsək, onda hamı gedib ev əşyalarını xaricdən gətirər...”

Ən son aldığımız məlumatda isə, artıq Mehman Sadıqovun rəhbərliyi altında gömrük əməkdaşlarının vətəndaşlara qarşı “əks-hücuma” keçdikləri xəbər verilir. Məlumatda bildirilir ki, gömrükçülər məsələnin araşdırılması üçün işi təhqiqata veriblər. Çox maraqlıdır ki, qanunu pozan özləri olduqları halda, hələ bir vətəndaşları təhdid də edirlər. Bu barədə Ofelya Qurbanovanın redaksiyamıza yeni daxil olmuş son müraciətində deyilir: “Gömrük idarəsində təhqiqatçı Həsən müəllim bizdən izahat isdədi. Biz Həsən müəllimə dedi ki, nə iş görmüşük ki, izahat verək, adammı öldümüşük ki, bizdən izahat isdəyirsiniz, özümüzə şəxsi istifadə üçün əşyalar almışıq. Amma nə bizi dinləyən var, nə də mallarımızı qaytaran...”dia.az

Materialda adı keçən bütün tərlərin öz mövqeyini bildirmək hüququ var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.