Nizami Piriyev “Metanol”u itirdi

15-09-2016, 23:40           
Nizami Piriyev “Metanol”u itirdi
“Kredit qalmaqalı”na görə həbs olunan oliqarxın zavodunu əlindən aldırlar
“Bu ilin sonuna qədər Azərbaycan Metanol Zavodu (“AzMeCo”) SOCAR-ın tabeliyinə verilə bilər”. Bu barədə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda SOCAR məhkəmənin müvafiq qərarını gözləyir: “Bu qərara əsasən adıçəkilən zavod “Aqrarkredit” bank olmayan kredit təşkilatına keçməlidir. Bundan sonra zavod hərrac yolu ilə SOCAR-a satılacaq”.

İstiqlal.az xatırladır ki, Azərbaycan Beynəlxalq Bankı və Rusiyanın “Sberbank”ı metanol zavodunun maliyyələşdirilməsində iştirak ediblər. Zavod 450 milyon dollara tikilib.

AzMeCo şirkətinin Direktorlar Şurasının sədri, azərbaycanlı milyarder Nizami Piriyevdir.

Metanol istehsalı üçün xammal kimi təbii qaz çıxış edir.

Nizami Piriyev Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”na görə həbs edilən oliqarxlardan biridir. O, ötən ilin mayında həbs edilmişdi. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən Nizami Piriyev fırıldaçılıqda ittiham olunurdu.

Lakin sonradan yayılan məlumatlarda oliqarxın Beynəlxalq Bankdan götürdüyü kreditə görə həbs olunduğu bildirildi. İddia olunurdu ki, Nizami Piriyev Beynəlxalq Bankdan 500 milyon dollara yaxın kredit götürüb. Onun oğlu Nəsib Piriyevin də 170 milyon dollar kredit götürdüyü yayılan məlumatlar sırasında idi. Həmçinin bildirilirdi ki, Nəsib Piriyev axtarışa verilib.

Nizami Piriyev və oğlu Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Azərbaycana gətirən iş adamları kimi tanınır.

Nizami Piriyev barəsində 4 aylıq həbs-qətimkan tədbirinin semilməsinə baxmayaraq o tutulduqdan bir neçə həftə sonra azadlığa buraxılıb. Daha doğrusu, məhkəmə Nizami Piriyev barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişib. Ondan ölkədən getməmək barədə iltizam alınıb.

Nizami Pitiyevin götürdüyü krediti qaytara bilməyəcəyi təqdirdə “Metanol” zavodunun əlindən alınacağı gözlənilirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.