İqtisad Universitetində maaşlar belə hesablanacaq
16-09-2016, 19:37
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin 2015/16-cı tədris ili üzrə nəticələri ictimaiyyət nümayəndələrinə açıqlanıb.
Universitetdən fins.az-a verilən xəbərə görə, heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçirilib.
UNEC-in rektoru Ədalət Muradov hər tədris ilində - sentyabrın 1-dən iyunun 30-dək toplanan ballara əsasən, müəllimlərin əmək haqlarına əlavələr olunacağını vurğulayıb. Əlavələr mövcud əmək haqqının 1,2 – 2 misli qədər nəzərdə tutulub.
İlk onluğa daxil olan müəllimlərin əmək haqqı 2 dəfə, 11-30-cu yerləri tutan müəllimlərin əmək haqqı 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlərin əmək haqqı 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlərin əmək haqqı isə 1,3 dəfə artırılacaq.
Differensial əmək haqqı sisteminin işləmə mexanizmini UNEC-in professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyasının sədr müavini Elşən Bağırzadə təqdim edib. Bildirib ki, pedaqoji heyət il ərzində xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatı xüsusi proqram təminatı vasitəsilə sistemə daxil edib. Məlumatları professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiya təhlil edib. Hər müəllim müəyyən bir kafedra və fakültəni təmsil etdiyindən, sistem onların illik xidməti fəaliyyət ballarına uyğun olaraq, UNEC üzrə kafedra və fakültələrin də reytinq siyahılarını hazırlayıb. Sistem 3 istiqamət və 12 kriteriya üzrə 100-dən çox elmi-pedaqoji fəaliyyət əsasında hər bir müəllim üçün “illik xidməti fəaliyyət balı” hesablayıb. Müəllimlərin “illik xidməti fəaliyyət bal”ları ən yüksəkdən ən aşağıya doğru sıralanıb. E.Bağırzadə bildirib ki, “illik xidməti fəaliyyət balı” universitet orta göstəricisinin 50%-dən aşağı olan müəllimlərin fəaliyyəti “qeyri-qənaətbəxş” hesab ediləcək.
Sonra online rejimdə differensial əmək haqqı sisteminin nəticələri açıqlanıb. Sistemdə statistik göstəricilər üzrə müəllimlərin ilk yüzlüyü, fakültə və kafedraların reytinq siyahısı yer alıb. Müəllimlərin reytinq siyahısına İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Nazim Cəfərov liderlik edib. Fakültələrin reytinqində Türk Dünyası İşlətmə, kafedralardan isə İqtisadiyyat və işlətmə kafedrası birinci yerdə qərarlaşıb.