80 saylı məktəbdə yoxlama aparılmalıdır
17-09-2016, 12:17
İşdən çıxarılan məktəb direktorları arasında Əlislam Abbasquliyevin də adı varmı?
Artıq xəbər verildiyi kimi, yeni təhsil ilinin ilk günlərindəcə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində təlim-təbiyə prosesinin təşkili ilə əlaqədar müxtəlif istiqamətlər üzrə aparılan araşdırmalar və nəzarət tədbirləri nəticəsində aşkar olunan qanun pozuntusu faktları ilə əlaqədar 18 məktəb direktoru, 4 direktor müavini və 3 müəllim tutduqları vəzifədən azad edilib. Təhsil İdarəsindən bildirilib ki, ötən tədris ili ərzində əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə ümumilikdə 27 direktor və 39 direktor müavini, o cümlədən 63 müəllim intizam məsuliyyətinə cəlb olunub, 34 direktor xəbərdarlıq alıb.
Qeyd edək ki, işdən çıxarılan məktəb direktorlarının adları hələlik açıqlanmayıb. teref.az bizimdövrə-ə istinadən yazır ki,bununla belə çox ümid edirik ki, həmin siyahıda Bakının Sabunçu rayonunda yerləşən 80 saylı orta məktəbin direktoru Əlislam Abbasquliyevin də adı yer alıb. Həm də bu ifadəmizi Əlislam müəllimə qarşı hansısa şəxsi qərəzimizin olduğu ilə izah etmək tamamilə səhv bir fikir olardı. Əksinə, əgər bu gün hansısa qərəzdən danışmaq lazımdırsa, bu zaman yalnız Əlislam Abbasquliyevin özünün rəhbərlik etdiyi məktəbə münasibəti araşdırılmalıdır. Məsələ bundadır ki, 80 saylı məktəbdə baş verənlər, direktorun bu orta təhsil müəssisəsinin normal fəaliyyətini əngəlləmək üçün əlindən gələni etdiyini söyləməyə bütün əsasları verir. Mövzuya dair ötən saylarımızda dərc olunmuş materiallarda da qeyd edildiyi kimi, redaksiyamıza artıq uzun müddətdən bəri daxil olan açıqlamalarda 80 saylı məktəbin direktoru Əlislam Abbasquliyevin fəaliyyətində müşahidə olunan bir sıra neqativ hallardan bəhs olunur. Məlumatlarda öz əksini tapmış faktlar belə deməyə əsas verir ki, 80 saylı məktəbdə rüşvət yığımı mütəmadi olaraq həyata keçirilir. Həmçinin mənbələrin iddialarına görə, bu orta təhsil müəssisəsində məktəbin şagirdlərindən başqa, müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimdən kifayət qədər rüşvət yığılır. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllimin ödəməli olduğu 500 manat civarında müəyyənləşdirilib. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ isə bir neçə min manata çatdırılır. Bundan başqa isə, müasir təhsilimizin əsas bəlalarından biri sayılan reprtitorluq fəaliyyətinin də 80 saylı məktəbdə geniş yer aldığı məlumatlarda öz əksini tapır. Belə ki, aldığımız məlumatlarda qeyd olunur ki, son vaxtlar Əlislam Abbasquliyev repetitor məşğələlərinə gedən şagirdlərin digər məktəblərdən 80 saylı məktəbə “transfer” edilməsi üçün əlindən gələni edir. Məlumdur ki, repetitor məşğələləri şagirdi təhsilindən yayındırır. Bu isə həmin şagird üçün təhsil aldığı məktəbdə müəyyən problemlər yaradır. Əlislam müəllim isə bu problemin orijinal həlli üsulunu təklif edir. Belə ki, ətraf ərazilərdə repetitor məşğələlərinə getmək arzusunda olan şagirdlər 80 saylı məktəbə keçirilmək təklifi alırlar. Burada isə artıq onlara dərslərə tam sərbəst davamiyyət, hətta ümumiyyətlə məktəbə gəlməmək imtiyazı verilir. Sadəcə olaraq bu imtiyazın müqabilində həmin şagirdin valideynləri direktora 1 tədris ilinə görə min manat ödəməlidirlər...
Son tədbirlərlə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən açıqlamada isə həm də bildirilib ki, 2 fevral – 26 may tarixlərində 16 ümumtəhsil müəssisəsində əhatəli inspeksiya aparılıb və nəticədə bir çox ciddi qanun pozuntuları faktları aşkarlanıb. Təəssüflər olsun ki, bu məktəblərin də siyahısında 80 saylı orta məktəbin yer alıb-almadığı bizə məlum deyil. Halbuki, bəlkə də bu 16 məktəbdə aşkarlanmış qanun pozuntusu faktlarının ümumi sayı belə, təkcə Əlislam Abbasquliyevin rəhbərlik etdiyi təhsil müəssisində müşahidə olunan neqativ halların sayından artıq ola bilməz...
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.