AZAD MİRZƏCANZADƏNİN ƏZİZ XATİRƏSİNƏ
30-09-2024, 10:54
1994-cü il, Ankara. Türkiyə paytaxtında işləməyimin iki ili hələ tamam olmamışdı. Martın sonunda Bakıdan zəng gəldi, Telman Salavatov idi – o dövrdə texnika elmləri namizədi, Neft və Kimya institutunun baş elmi işçisi, akademik Azad Mirzəcanzadənin tələbəsi, onun sadiq köməkçisi, asistenti, mənim isə aspirantura illərindən dostlaşdığım gözəl insan. “Azad müəllimlə aprelin ortasında Ankaraya gəlirik” dedi…
Aprelin ortasında Azad Mirzəcanzadə, Kərim Kərimov (Tanınmış geofizik, professor, AMEA-nın müxbir üzvü, 1933-2001), Əkrəm Şəkinski (Tanınmış dövlət xadimi, geofizik Əkrəm Şəkinski, 1929-1998) kimi nəhəng isimlər böyük bir nümayəndə heyəti ilə 10-cu Petrol Konqresində iştirak etmək üçün Ankaraya gəldilər. Hava limanına gedib əziz müəllimimi və elmi rəhbərimi qarşıladım. Müdafiə etməyimlə elmlər namizədi almağımdan, elmi buraxıb jurnalistikanın dalınca getməyimdən cəmi 5 il keçmişdi…
Azad müəllim onlara ayrılmış avtomobilə deyil, mənim maşınıma mindi.
Arxa qapını açdım, ancaq önə keçdi, yanımda oturdu.
Maşın sürməyi sevmirəm, amma ömrümdə maşın sürməkdən belə zövq almamışdım. İstəyirdim ki, xoş olsun ona, istəyirdim ki, özünü yaxşı hiss etsin, güvəndə olduğunu bilsin. Həm istəyirdim ki, elmi buraxıb, əlimə mikrofon aldığıma görə məni çox da qınamasın.
Bütün tələbələri kimi mən də onun ağlına, dünya görüşünə, məntiqinə heyrandım.
Esenboğadan çıxıb avtobana girəndə dünya şöhrətli alimin ilk sözləri “Operatorunuza deyin məni çəkməsin, intervyunu da Kərim versin” oldu.
Hiltonda qalacaqdılar, otelin önündə maşından enəndə özünəməxsus təbəssümü ilə “Atan minib bu maşına?” soruşdu. “Xeyir, hələ minməyib” dedim.
Üzündəki təbəssüm qaçdı, ayaq saxlayıb üzünü turşutdu və “Bir az işləyin, qayıdın kafedraya” dedi.
Azad müəllimi dinləmədiyim üçün günü bu gün də çox peşmanam (!)…
Bakıya qayıdanda atama xeyli məndən danışmışdı.
Çox mutlu olmuşdu atam, qürurlanmışdı…
Müəllimimin istədiyi kimi etdim – operatorum Humay Vəliyev Azad müəllimi demək olar ki, çəkmədi, müsahibə də almadım ondan.
İndi bu gün keçmişə dönüb baxanda çox peşmançılıq çəkirəm, Azad müəllim haqda o qədər az video-material var ki – gərək mütləq onu yola gətirib müsahibə alaydım.
Sözümü yerə salmazdı yəqin, çox istəyirdi məni.
Atam Azərbaycan Dövlət universitetinin mexanika-riyaziyyat fakultəsinin məzunu idi.
Azad müəllim atama dərs demişdi universitetdə, məzun olduqdan sonra da elmi rəhbəri olmuşdu.
Sonlar ikisi eyni institutda işlədilər, ikisi də kafedra müdiri idi, həftədə ən azı 4-5 dəfə görüşür, söhbətləşir, seminarlarda iştirak edirdilər.
Atam, "Nəzəri mexanika" kafedrasının müdiri, professor Nəbi Yaqubovla Azad müəllim arasında qibtə ediləcək bir mükəmməl “Müəllim-Tələbə” münasibətləri var idi…
Toylara və yas məclislərinə getməyən Azad müəlim atam vəfat edəndə başsağlığı verməyə gəldi. Məclisdə ən kənarda, qapıya yaxın yerdə oturub məni yanına çağırdı. Bir qədər oturub qalxdı, onu yola salmağa çıxanda yavaş səslə nəsə təskinlik verdi. Özümü saxlaya bilmədim, hönkürərək ona sarıldım. Azad müəllimin belə sarsıldığını görməmişdim…
foto: Bu şəklin İrəvanda çəkildiyini ehtimal edirəm. Soldan 4-cü, başında papaq olan Azad Mirzəcanzadə, sağdan ikinci isə atam Nəbi Yaqubovdur.
https://t.me/ibrahim_nebioglu
TEREF