Müştəri “Bravo” marketini ittihm etdi: "hər saatda qiymətləri qaldırırsınız, üstəlik, tərəzidə aldatmağınıza nə ad verək?!..."

Bu gün, 18:44           
Müştəri “Bravo” marketini ittihm etdi: "hər saatda qiymətləri qaldırırsınız, üstəlik, tərəzidə aldatmağınıza nə ad verək?!..."
“Bravo” supermarket şəbəkəsinin müştəriləri tərəzidə aldatması haqda ittihamlar var. Tribunainfo.az-a şikayətini bildirən müştərilərdən biri deyib ki, Bakının Bayıl qəsəbəsi, “20-ci sahə” dairəsində yerləşən “Bravo” marketdən çəkilmiş ət alıb. Onun sözlərinə görə, satıcı ətin çəkisinin 480 qram olduğunu deyib. “Bütün marketlərdə olduğu kimi, “Bravo”da da qayda belə idi ki, çəkilən məhsulun üzərinə vurulan kağızda həmin məhsulun çəkisi və kassada ödəməli olduğu məbləğ yazılır. İndi heç biri yazılmır, yalnız məhsulun kodu və həmin məhsulun bir kiloqramının qiyməti vurulur. Satıcı da dedi ki, narahat olma, kassada yenidən çəkəcəklər və koda uyğun qiyməti çıxaracaqlar.
Gəldim kassaya, kassir ətlə yanaşı, aldığım digər məhsulları da yenidən çəkməyə başladı. Yekunda ödəniş etdim, qəbzi alanda nə görsəm yaxşıdır – ət 600 qram gəlib, 120 qramın pulunu artıq ödəmişəm. Qayıtdım satıcının yanına. Əti verdim ki, yenidən çəksin. 480 qram oldu. Satıcı ilə qayıtdım kassaya. Kassir də deyir ki, burdakı tərəzi belə çəkir, mənim günahım deyil. Bu dəfə satıcı məni səlahiyyətli bir şəxsin yanına apardı. Başqa bir kassada yoxladılar, yenə 480 qram etdi. Əminəm ki, aldığım digər məhsullarda da vəziyyət eyni idi, amma sadəcə ətə görə əlavə ödədiyim pulu alaraq, “qalanları da haramınız olsun” deyərək çıxdım marketdən”.
Müştəri əlavə edib ki, “Bravo Supermarket Azerbaijan” hər gün aldadıldığını fərq etməyən müştərilər var: “Həm də bir deyil, bir neçə məhsulda soyulduğunu başa düşməyən minlərlə müştəri var. Camaat onsuz da bahalıqdan əziyyət çəkir, hər saatda qiymətləri qaldırırsınız, üstəlik, tərəzidə aldatmağınıza nə ad verək?! Axı cibindəki sonuncu qəpiyini də ərzağa verməyə məcbur olan insanlar var. Onları aldatmağı necə bacarırsınız?”
“Bravo” supermarketlər şəbəkəsinin səlahiyyətli nümayəndəsi Aygün Tribunainfo.az-a bildirib ki, texniki anlaşılmazlıq olub, müştəri ilə əlaqə saxlanaraq məsələ aydınlaşdırılıb, həll edilib. Onun sözlərinə görə, müştərinin də heç bir şikayəti qalmayıb.

Dəniz Pənahova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.