“Əmək haqlarının artırılması gündəmdədir” - deputatdan MÜJDƏ

20-09-2016, 14:30           
“Əmək haqlarının artırılması gündəmdədir” - deputatdan MÜJDƏ
“Noyabr ayında 2017-ci ilin dövlət büdcəsi müzakirə olunmalıdır. O zaman hökumət, dövlət qurumları iqtisadi göstəriciləri, məlumatları açıqlayacaqlar. Həmin vaxt əmək haqlarının artırılması məsələsinə baxıla bilər”.

Bunu Modern.az saytına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat ölkədə ciddi iqtisadi islahatlara start verildiyini qeyd edib:

“Maliyyə ilə bağlı problemlər var. Çünki, neftin qiymətinin kəskin aşağı düşməsi maliyyə problemləri yaradır. Qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatında müəyyən irəliləyişlər hiss olunsa da, bu, məsələni kökündən həll etmir.
İqtisadi tarazlığı bərpa etmək üçün Maliyyə Nazirliyi qənaət rejiminə keçib. Hazırda maaşların artırılması ilə bağlı problemlər var. Bu, vəsaitdən asılıdır. Əgər vəsait imkan verəcəksə, əmək haqlarının artırılması məsələsinə baxılacaq”.

Komitə üzvü büdcə müzakirələri zamanı əmək haqqı artımının diqqətdə saxlanacağını vurğulayıb:
“Hesab edirəm ki, 2017-ci ilin dövlət büdcəsi üçün neftin 1 barelinin 40 dollardan hesablanması normaldır. Keçən il 25 dollardan götürdük. Məlum oldu ki, neftin qiyməti 40-50 dollar civarında dəyişir. Fikrimcə, neftin qiymətində artım olsa belə, bu, problem yaratmaz.

Əmək haqqının artırılması dövlət büdcəsinin gəlir və xərclərindən asılı olacaq. Artım üçün bunlar arasında proporsionallıq, mütənasiblik yaranmalıdır.
Son vaxtlar Azərbaycanda inflyasiya gedir, qiymət artımı var. Ona görə də əmək haqlarının artırılması gündəmdədir.
Dövlət başçısı lazım olanda məsələyə münasibətini bildirəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.