"Azəriqaz" yenə də narazılıq yaradır... - ŞİKAYƏT
22-09-2016, 12:40
Ötən gün Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 37 saylı binanın sakinləri Miq.az-ın redaksiyasına "Azəriqaz"la bağlı şikayət məktubu göndəriblər.
Şikayət məktubunda deyilir ki, adıçəkilən ünvanda mavi yanacaq sadəcə görüntü xatirinə verilir. Məhəmməd adlı sakin deyir ki, uşaqlarımızı məktəbə göndərəndə bir stəkan çay belə hazırlamaq mümkün deyil. Səbəb də çox sadədir...Mavi yanacaq o qədər zəif, o qədər aşağı təzyiqlə verilir ki, qaz cihazlarından istifadə edə bilmirik.
Sakinlər deyir ki, biz neyləməliyik? Kimə şikayət ünvanlamalıyıq? Kimə şikayət ediriksə, qulaqardına vururlar. Bu ərazidə xüsusi yerlər var ki, ora pulunu alıb qazın təzyiqini normadan artıq da vururlar... Amma bizim binalarda və bu ərazidə yerləşən sənaye obyektlərində qazın təzyiqi "ölü" normada verilir.
Ərazidə yerləşən başqa bir obyektin sahibi, iş adamı İlqar Əhmədov da verilən qazın təzyiqindən gileylənir. İş adamının dediyinə görə, Nəsimi rayonunda yerləşən Qaz idarəsinin əməkdaşlarına, qaynar xəttə və qəza xidmətinə nə qədər müraciət etsə də, nəticəsi olmayıb. Əvəzində ona bürokratik əngəllər yaradaraq, get-gələ salıblar.
Sakinlər redaksiyamıza bildirilər ki, biz vətəndaşlar ölkə başçısı cənab İlham Əliyevə müraciət edirik ki, şikayətimizə baxsınlar. Övladlarımızı məktəbə ac-susuz yola salmayaq.
Hətta bayramlarda belə mavi yanacaq üzünə həsrət qalan sakinlər onu da bildirdilər ki, rayon qaz idarələrinin ləğvini başa düşürük, amma qazın kəsilməsini və məhdudiyyətlərlə verilməsini isə başa düşə bilmirik...