İnsanları "Outlet qaraj"da belə aldadırlar: növbəti endirim fırıldağı - Dələduzluğun mövsümüdür...

2-11-2024, 00:09           
İnsanları "Outlet qaraj"da belə aldadırlar: növbəti endirim fırıldağı -
Bir neçə gündür ki, sosial şəbəkələrdə “outlet” endirimlərilə bağlı müzakirələr səngimək bilmir. Söhbət “Park Bulvar”da keçirilən ənənəvi “outlet” qaraj günlərindən gedir. Sosial media istifadəçiləri qeyd edirlər ki, endirim adı ilə malların əksəriyyəti baha qiymətə satılır.

Yeri gəlmişkən, hər mövsümün sonunda burada malların 80-90 faiz endirimlə satışa çıxarıldığı qeyd edilir. “Park Bulvar”ın elanında yazılıb ki, 60-dan çox brendin iştirak etdiyi kampaniyadan yararlananlar hər mövsümə uyğun məhsulları əldə edə bilirlər.

Narazılıqların hər hansı əsası varmı? Paltarların 80-90 faiz endirimlə satıldığı realdırmı?

Musavat.com-un əməkdaşı olaraq həmin məkana üz tutub suallarımıza cavab tapmağa çalışdıq.

İlk olaraq deyim ki, ticarət mərkəzinin qarajında təşkil olunan endirim kampaniyasına xeyli adam toplaşmışdı. Məkanın çox böyük olmasına rəğmən havasızlıqdan adamın nəfəsi kəsilirdi. İçəri daxil olan digərləri kimi bizim də üzümüzdə ümid var idi ki, endirimlərdən yararlana biləcəyik. Amma geri dönənlərin simasındakı yorğunluq və məyusluq hissini gördükdə “tələsməmək əfsəldir”, deyib keçdik.

Qeyd edək ki, burada kişi, qadın, uşaq paltarları satılan müxtəlif brend markalara rast gəlmək olur. İnsanların daha çox toplaşdığı mağazalara daxil olub, brend məhsulların qiymətləri ilə maraqlanırıq. 70 faiz endirimlə satışa qoyulan malların əksəriyyətinin baha olduğunu görürük. Endirimdə olan mallar isə ya yararsız vəziyyətdə olur, ya da ən böyük (kiçik) ölçüdə olanlar olur. Elə “Süvari”nin kostyumları və köynəkləri ilə bağlı alıcıların gileylənməsi də nəzərimizdən yayınmır. “Bu kostyumu 130 manata qoyublar, guya 350 manatdan endirimə düşüb. Fikir ver, bunları alan yoxdur, çünki ancaq ən böyük ölçüləri qalıb. Keçən il də endirimdə buradan köynək almışdım, tez sıradan çıxdı”, -deyə alıcılardan biri bildirdi.

Digər alıcı da qiymətlərlə maraqlandığımızı görüb dilə gəldi: “Bayaq gödəkçəyə baxdım, 250 manata idi. Adi firmadır, heç adı da yadımda qalmadı. Bunun harası endirim oldu. Adi qısaqol köynəklər 50 manatdan başlayır. Çıxın yuxarı, endirim olmayan yerə, eyni qiymətlərdir, cüzi fərq var”, -deyə qadın alıcı bildirdi.

Qadın və uşaqlar üçün paltarlar satılan “Penti” mağazasında da eyni vəziyyətlə üzləşirik. Endirim elan olunmayanda bu mağazadan daha münasib qiymətə nə isə tapmaq olar, nəinki, indiki “endirim” qiymətləri ilə.

Uşaq mağazalarında da qiymətlər od tutub yanırdı. Misal üçün, gödəkçələrin qiyməti 100-110 manat arasında dəyişir. “Buradan belə baha alınca, gedib trendyoldan sifariş verərəm, bu nədir, adi bir yağış üçün gödəkçə də bu qiymətə olar!?”,- deyə övladı ilə gələn valideyn qeyd edir.

Qeyd edək ki, burada ucuz qiymətə olan məhsullar da tapmaq olur, amma onlar da əsasən Çin məhsulları idi.

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a deyib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə alıcıların haqqı var ki, malın endirimə qədərki sənədinə baxsın: “Nazirlər Kabinetinin 94 saylı qərarına görə bütün malların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədi olmalıdır. Sadəcə olaraq malın üstünə endirim kağızı yapışdırılmaq istehlakçılar aldadılır. Mağazalarda satılan mallara 50, 60 və 70 faiz endirimlərin tətbiq edilməsi daha çox saxta xarakter daşıyır. İstehlakçılar mağazalardakı süni endirmlərə inanır, alış-veriş edirlər. Daha sonra aydın olur ki, endirim həmin mala aid deyil. İstehlakçının tələbatını ödəməyən mal olduqda onu 14 gün ərzində geri qaytara bilər. Lakin mağazadan bildirilir ki, endirimdə satılan mal geri qaytarılmır. Belə olan halda istehlakçılar dövlət orqanlarına müraciət edərlərsə mağaza sahibini 1500-dən 5000 min manatadək cərimə gözləyir. Mağazalarda endirimlərin şişirdilmiş olduğunu müəyyənləşdirmək işi çox vaxt istehlakçıların üzərinə düşür. Bunu müəyyənləşdirməyin isə bir neçə yolu var. İlk növbədə, satıcıdan endirimdən əvvəlki məhsulun qiyməti tələb edilməlidir. Satıcı endirim edilən məhsulun əvvəlki qiymətini istehlakçıya təqdim etməyə borcludur".

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.