Bu il Qazaxıstan neftinin BTC vasitəsilə tranziti 1,7 milyon tona çatdırılacaq

Bu gün, 16:24           
Bu il Qazaxıstan neftinin BTC vasitəsilə tranziti 1,7 milyon tona çatdırılacaq
Bu il Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinin həcmi 1,7 milyon ton təşkil edəcək.

Bunu “KazMunayQaz” (KMG) şirkətinin sədrinin müavini Kurmanqazı İskaziyev Energetika Nazirliyinin genişləndirilmiş kollegiyasının iclasında çıxış edərkən bildirib.

“KMG Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstan neftinin BTC vasitəsilə tranzitinin 2025-ci ildə 1,7 milyon tona çatdırılması barədə razılıq əldə edib. Ötən il 1,4 milyon ton neft tədarük edilib”, – o qeyd edib.

Xatırladaq ki, 2024-cü ilin martında SOCAR və KMG arasında Azərbaycan ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında saziş imzalanıb. Sənəd tədarük həcminin ildə 2,2 milyon tona qədər artırılmasını nəzərdə tutur.

2022-ci ildə KMG ilə SOCAR arasında Qazaxıstan neftinin tranziti ilə bağlı saziş imzalanıb. 2023-cü ilin mart ayında “Kaşağan” yatağından Azərbaycan ərazisi ilə test rejimində 7 min ton neft göndərilib. Yükgöndərən “Inpex North Caspian Sea Ltd” olub.

Ümumilikdə, 2024-cü ildə Qazaxıstandan 83,5 milyon ton neft nəql edilib ki, bu da əvvəlki illə müqayisədə 4 % çoxdur.

“Xəzər Boru Kəməri Konsorsiumunun neft kəməri Qazaxıstan neftinin nəqli üçün ən böyük kanaldır. Eyni zamanda, karbohidrogen ehtiyatlarının tədarükü üçün əlavə marşrutların inkişafı və şaxələndirilməsi üzrə işlərin davam etdirilməsi vacibdir”, – K. İskaziyev bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə Almaniyaya neft tədarükünün həcmi 50 % artıb. 2025-ci ildə bu səviyyənin saxlanılması planlaşdırılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.