Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI – Çıxış yolu NƏDİR?

Bu gün, 17:39           
Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI – Çıxış yolu NƏDİR?
Xəbər verdiyimiz kimi, fevralın 22-23-də Sabunçu rayonunda 15 nəfər spirtdən zəhərlənərək həyatını itirib.

Baş Prokurorluğun yaydığı məlumata görə, həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtdən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib və bununla bağlı cinayət işi başlanıb.

Araşdırmalarla müəyyən edilib ki, hadisə yerlərindən götürülmüş “Starlyuks” markalı gigiyenik vasitə və etil spirti bakı şəhəri Buzovna qəsəbəsində fəaliyyət göstərən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Xanhüseynov Səbuhi Ehtibar oğlunun rəhbərliyi altında qablaşdırılmaqla istehsal olunub.

Hadisə yerlərində aşkar edilən gigiyenik vasitələrin və etil spirtinin satış nöqtələrindən də nümunələr götürülməklə tərkibi yoxlanılarkən gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.

S.Xanhüseynov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Saxta spirtli içkilərlə bağlı artan şikayətlər fonunda ekspertlər hesab edirlər ki, belə neqativ halların yaranmasına həm də bir sıra qərarlar zəmin yaradır. Belə ki, 2019-cu ildə spirtli içkilərin, arağın istehsalı üçün lazım olan lisenziya ləğv olunub. Bu addımdan sonra da bazarda saxta spirtli içki istehsalı artıb.

Bəs sözügedən lisenziyanın yenidən tətbiqinə ehtiyac yarana bilərmi?

Mövzu barədə fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, aksiz vergilərinin artması ilə spirtli içkilərin qiyməti artıb.

Onun sözlərinə görə, qiymət artımı da ucuz və keyfiyyətsiz içkiyə tələbatı artırıb:

“Bu sahə dövlətin ciddi nəzarətində olmalı sahələrdən biridir və belə də olmalıdır. Sadəcə, son zamanlar aksiz vergilərinin ciddi şəkildə artması spirtli içkilərin bahalaşmasına səbəb olub. Spirtli içkilərin də bahalaşması saxta spirtli içkilərin bazara çıxmasına şərait yaradır və yaxud da insanları texniki və metil spirtinə yönəldir. Buna çarə tapılmalıdır. Elə nəzarət mexanzimləri qurmaq lazımdır ki, qiymətin artımı saxta məhsulların bazara daha çox çıxmasına şərait yaratmasın. Təbii ki, həm lisenziyalaşma, həm nəzarərt mexanizmləri də təkmilləşdirilməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.