Gömrükdən büdcəyə daxil olan vəsaitlərdə böyük azalma var - HESAB-KİTAB

Bu gün, 00:05           
Gömrükdən büdcəyə daxil olan vəsaitlərdə böyük azalma var - HESAB-KİTAB
Bu ilin yanvar-mart ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard 430,5 milyon manat (841,5 milyon dollar) vergi və rüsum daxil olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% və ya 39,4 milyon manat azdır.
Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında gömrükdən dövlət büdcəsinə 1 milyard 469,9 milyon manat (864,6 milyon dollar) daxil olub.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə gömrükdən büdcəyə daxil olan vəsaitlər ümumi ticarət dövriyyəsinə, o cümlədən idxala nisbətdə də azalıb.
Belə ki, ötən ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 9 milyard 696 milyon dollar, idxalın ümumi dəyəri isə 3 milyard 711,6 milyon dollar olub.
Bu isə o deməkdir ki, ötən ilin yanvar-mart aylarında büdcəyə daxil olan vəsait xarici ticarət dövriyyəsinin 9%-nə, idxalın isə 23,3%-nə bərabər olub.
Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 12 milyard 49 milyon dollar, idxalın ümumi dəyəri isə 5 milyard 663 milyon dollar olub.
Nəticədə bu ilin yanvar-mart aylarında büdcəyə daxil olan vəsait xarici ticarət dövriyyəsinin 7%-ni, idxalın isə 14,8%-ni təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.