Səhiyyə Nazirliyindən sənədlərini təqdim etməyən plastik cərrahlara növbəti XƏBƏRDARLIQ

Bu gün, 00:04           
 Səhiyyə Nazirliyindən sənədlərini təqdim etməyən plastik cərrahlara növbəti XƏBƏRDARLIQ
Azərbaycanda 82 həkim plastik cərrah kimi fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyasına müraciət etmişdi. Səhiyyə nazirliyinin məlumatına görə, onlardan 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib.

Bildiyimiz kimi, ölkədə cəmi 82 plastik cərrah yoxdur. Onların bu saydan çox olduğunu bilmək üçün sosial şəbəkələrdə plastik cərrahlıqla məşğul olduğunu bəyan edənlərin səhifələrinə baxmaq kifayətdir.

Bəs ölkədə yüzlərlə plastik cərrah olduğu halda niyə nazirliyə cəmi 82 nəfər müraciət edib? Müraciət etməyənlərin fəaliyyəti necə yoxlanılır?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaarq bildirilib ki, yoxlamalar qanunvericiliyə uyğun şəkildə davam etdirilir:

“Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatoloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasiyentin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ var.

Lisenziyalı özəl tibb müəssisələrinə nəzarət Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə və plandankənar yoxlamalar şəklində, lisenziyasız müəssisələrə münasibətdə isə əhalinin sağlamlığına birbaşa və ya mühüm təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin, müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar yoxlamalar şəklində aparılır”.

Qeyd edilib ki, hər hansı bir fəaliyyət subyektində plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi üçün yoxlamaların vahid məlumat reyestrindən müvafiq icazə alınmalıdır:

“Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür.

Təkrar aşkar edildikdə təkrar inzibati tənbeh və əlavə tədbirlər həyata keçirilir. Konkret olaraq bu hallara görə İnzibati Xətalar Məcəlləsinin 210.1.-ci maddəsində Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə, 215.1.-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə, 215.4-cü maddəsinə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulub”.

“Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı, o cümlədən reseptsiz antibiotik satışı hallarına rast gəldikdə AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir” – məlumatda vurğulanıb.

Siyahıda olmayan plastik cərrahlarla bağlı məsələyə gəldikdə isə nazirlikdən bildirilib ki, Xüsusi Təftiş Komissiyasının qərarlarına müvafiq olaraq siyahıya adları daxil edilməyən həkim-mütəxəssislərin Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə verən sənədlərinin əsaslılığı təsdiq olunmayıb, bəziləri isə ümumiyyətlə tələb olunan sənədləri Komissiyaya təqdim etməyiblər.

Qeyd edilib ki, siyahıya adları daxil edilməyən həkim-mütəxəssislər praktik tibb fəaliyyəti ilə yalnız ali ixtisas tibb təhsili sənədinə uyğun onlara verilmiş ixtisaslar üzrə məşğul ola bilərlər:

"Bu mütəxəssislər plastik cərrahiyyə ixtisası üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rezidentura təhsili almadan həmin sahədə praktik tibb faəliyyəti ilə məşğul ola bilməzlər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.