Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
Bu gün, 08:34

Ötən il Böyük Britaniyadan Azərbaycana 3,83 milyard dollar dəyərində məhsul ixrac edilib.
Yeniavaz.com BMT-nin beynəlxalq ticarət məlumat bazasına – COMTRADE-ə istinadən xəbər verir ki, əvvəlki – 2023-cü illə müqayisədə Böyük Britaniyanın Azərbaycana ixracı 6,7 dəfə artıb.
Qeyd olunur ki, 2023-cü ildə Böyük Britaniya Azərbaycana 571 milyon dollar dəyərində məhsul ixrac edib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda isə göstərilir ki, eyni dövrdə, yəni 2024-cü ildə Azərbaycan Böyük Britaniyadan 273 milyon dollar dəyərində məhsul idxal edib.
Açıqlanan məlumatlardan belə görünür ki, Azərbaycan və Böyük Britaniyanın açıqladığı rəsmi məlumatlar arasında 14 dəfə fərq var.
Böyük Britaniyanın rəsmi qurumları bildirirlər ki, 2024-cü ildə Azərbaycana 3,3 milyard dollar dəyərində qiymətli daşlar, metallar, sikkələr ixrac edilib. Lakin Azərbaycan Dövlət Gömrük Komitəsi 2024-cü ildə Böyük Britaniyadan cəmi 1,89 milyon dollar dəyərində qiymətli daşlar, metallar, sikkələr idxal edildiyini açıqlayıb.
İki ölkə arasındakı ticarətdə başqa bir diqqət çəkən məqam odur ki, Azərbaycan ötən il Böyük Britaniyaya 407 milyon dollarlıq məhsul ixrac etdiyini açılqayıb və bu məhsulun 396 milyon dollarını xam neft təşkil edib. Ancaq Böyük Britaniya ötən il Azərbaycandan cəmi 65,8 milyon dollarlıq məhsul idxal etdiklərini açıqlayıb və bu məhsulların da 58,8 milyon dollarını neft təşkil edib.
Qeyd edək ki, iki ölkənin açıqladığı ticarət göstəriciləri arasında bu qədər kəskin fərqin olması insanlar tərəfindən də təccüblə qarşılanıb, həmçinin mediada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, bu kəskin fərqin olması malların mənşə ölkəsinin fərqli qeyd olunması ilə bağlıdır:
“Böyük Britaniyanın rəsmi qurumları ölkədən çıxan malları ixrac kimi qeydə alırlar. Lakin, Azərbaycan ölkəyə daxil olan malı həmin məhsulun istehsal olunduğu, yəni mənşə ölkəsini əsas götürərək qeydə alır. Məsələn, ötən il Azərbaycan Böyük Britaniyadan ABŞ istehsalı olan 1 milyard dollar dəyərində qızıl idxal edib və bunu rəsmi statistikaya ABŞ-dən idxal kimi qeyd edib. Lakin, Böyük Britaniya həmin məhsulu öz rəsmi statistikasında ixrac məhsulu kimi göstərib. Yəni, ticarət göstəricilərindəki kəskin fərqlər bununla bağlıdır. Bəzən kiçik fərqlər də olur ki, bunlar da malların dəyərinin fərqli qiymətləndirilməsi ilə bağlıdır. Məsələn, Britaniya ixrac zamanı malı FOB qiyməti ilə, yəni malın gəmi və ya nəqliyyat vasitəsinə yükləndiyi anda olan qiyməti ilə göstərir. Azərbaycan isə idxal zamanı CIF deyilən qiymətlə, yəni malın nəqliyyat və sığorta xərcləri də daxil olmaqla tam çatdırılma dəyərini əsas götürür. Belə olan halda, iki ölkənin açıqladığı rəqəmlərdə fərqliliklər olur”.