Bir çox müəssisələrdə DƏYİŞİKLİK OLACAQ: İşçilər maaşlarını... - AKTUAL

Bu gün, 09:38           
Bir çox müəssisələrdə DƏYİŞİKLİK OLACAQ: İşçilər maaşlarını... - AKTUAL.
Ötən gün Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə görüş keçirib. 4 saata yaxın davam edən görüşdə 10-a yaxın tanınmış ekspert iştirak edib.
Görüşdə iştirak edən ekspertlərdən biri Əkrəm Həsənov qeyd edib ki, onlara Mərkəzi Bankın təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görməsi barədə məlumat verilib. Belə ki, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq.

İqtisadçı-ekspert Akif Nəsirli “Referans”-a açıqlamasında bildirib ki, bu qərarın verilməsi bank sektorunda rəqabətlilik üçün olduqca müsbət nəticələr doğura bilər.
“Bildiyiniz kimi Azərbaycanda bazar iqtisadiyyatı hökm sürür. Bazar iqtisadiyyatının da əsas elemetlərindən biri rəqabət mühiti və rəqabətdir. Təkcə maaş kartlarından söhbət getmir, bunu pensiya və digər təqaüd kartlarına da şamil etmək olar. Ümumiyyətlə, bir müəssisənin yüzlərlə işçinin adından özü qərar verərək hər hansısa bankla əməkdaşlıq etməsi düzgün hesab olunmur. Bunun kökündə tanışlıq münasibətləri də dura bilər. Bu da haqsız rəqabətə gətirib çıxarır. Zaman keçdikcə artıq bir sıra müəssisələr tərəfindən əməkdaşlıq edilən banka daha çox üstünlük verilməyə başlanılır. Bir növ o bank reklam olunur deyək. Bu da digər bankların hüquqlarına toxunmuş olur”.

Ekspert qeyd edib ki, müəssisəsələrdə fərqli bank xidmətlərindən istifadə edən şəxslərin fəaliyyət göstərməsi həmiçinin bankların xidmət səviyyəsinin daha obyekt qiymətləndirilməsinə də daha geniş şərait yaradacaq. İşçilər öz aralarında fikir mübadiləsi edərək bankların fəaliyyətləri ilə bağlı ortaq rəyə gələ bilərlər. Bu, banklar arasında düzgün rəqabət mühitinin formalaşması üçün atılan addım ola bilər.

“Hazırda demək olar ki, bütün iş yerlərində vahid hesabat sistemi var. Bu səbəbdən işçilərin fərqli banklardan maaş almaları qarışıqlığa səbəb ola bilməz. Onsuz da müəssisələrin əməkdaşlığı bu qərardan əvvəl də bir bankla deyil, bir neçə bankla olurdu və bunlarla bağlı hesabatlar da ayrı-ayrı hesabatlar halında gəlir və müəssisənin mühasibatlığında cəmləşir, müxabirləşir. Əvvəlki dövrlərdə, fiziki daşıyıcıların istifadə olunduğu dönəmdə bu addım atılsaydı bəlkə də hansısa qarışıqlıqdan söhbət gedə bilərdi. Çünki həmin dövrdə bu proseslər sadəcə insanlar tərəfindən idarə olunur. Lakin indi onların yerini daha dəqiq işləyən proqramlar tutur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.