Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır

Bu gün, 00:05           
 Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Şuşa şəhərində bank binasının tikintisi üçün icazə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirilib.
Məlumatda göstərilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi bank binasının tikintisinə 30 may 2025-ci il tarixli ETİ-54/25 saylı sənəd əsasında icazə verib.
Açıqlanan məlumatlarda göstərilir ki, 3 aprel 2025-ci il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə EXO-3522/2025 saylı, həmçinin 12 fevral 2025-ci il tarixində tikinti layihəsinə dair 39117 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən bank binasının tikinti sahəsi 747 kv. metr, ümumi sahəsi 2 270,16 kv. metr, mərtəbələrinin sayı isə 4 olacaq.
Lakin qeyd edək ki, cəmi bir həftə əvvəl Şuşa şəhərində inşasına icazə verilən 4 mərtəbəli bank binasının tikintisi başa çatıb. Bank binasının tikintisini sifariş verən “PMD Group” MMC-nin rəsmi saytında yer alan məlumatda bildirilir ki, Şuşa Bank layihəsinin tikinti işləri Şuşa şəhərində, Qarabağ küçəsində həyata keçirilir. Bina 4 mərtəbədən ibarətdir. Binanın tikinti sahəsi 2 588 kv. metrdir. “PMD Group” MMC-nin paylaşdığı fotodan belə görünür ki, bu binada ölkənin aparıcı holdinqlərindən olan “Paşa Holdinq”ə bağlı olan iki bank – “Kapital Bank” və “Paşa Bank” fəaliyyət göstərəcək.
Onu da bildirək ki, ötən ilin dekabr ayında “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı “Şuşa” filialında artıq təmir işlərinin bitmək üzrə olduğunu deyib.
Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-ci maddəsində açıq şəkildə göstərilir ki, tikintiyə icazə verən orqan tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində sənəd və məlumatları Reyestr kitabında qeydə alır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.