Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Bu gün, 15:49

“Azvirt” MMC Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yerləşir.
Tribunainfo.az-a verilən xəbərə görə, şirkət magistral və intensiv hərəkət olmayan yolda ehtiyac yaranmadığı halda rəhbərliyin, əməkdaşlarının giriş-çıxışı üçün işıqfor qoydurub. Həmin işıqfor günün 24 saatı yaşıl işıqda olur, heç bir halda qırmızı işıq olmur, yəni nizamlanan işıqfor deyil. Amma elə ki “Azvirt” MMC-dən kimsə maşını ilə darvazalardan çıxanda içəridə olan düymə basılır, istədiyi an işıqfor qırmızı olur, bu vaxt əsas yolda hərəkətdə olan maşınlar işıqforda dayanır, şirkət rəhbərliyi və əməkdaşları oradan ağa kimi çıxırlar. Əgər oradan hərəkət edən olmasa işıqfor bütün günü yaşılda olacaq. Hərçənd işıqforlar o zərurətdən quraşdırılır ki, hərəkəti nizamlasın, yəni hər 30-40 saniyədən bir ya yaşıl, ya qırmızı işıq olsun. Azvirt MMC isə heç bir əsas olmadan işıqfor qoydurub.
Yol-nəqliyyat ekspertlərinin fikrincə, bu, qanunazidd addımdır və şirkətin təkəbbürlüyü, vətəndaşlara qarşı saymaz münasibətidir. Halbuki MMC-dən çıxan maşın sağ və solu gözləməklə istədiyi istiqamətə rahat dönmə edə bilər.
Qeyd edək ki, şirkət rəhbəri Kamil Əliyevdir. Onun və qardaşının adı bir neçə qalmaqallı məsələlərdə hallanıb.