DYP nəinki Kərəm Həsənovu, onun qohumlarını da saxlaya bilməz
10-07-2015, 12:20
Şamaxıda baş verən olayın analoqu Cəlilabadda da baş veribmiş
Xəbər verildiyi kimi, Şamaxının yol polisi rəisi Mübariz Fətəliyev tutduğu vəzifədən azad edilib. İstiqlal.az-ın yazdığı məlumatda vurğulanır ki, Fətəliyevin işdən çıxarılmasının səbəbi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlıdır.
Belə ki, bu günlərdə Şamaxıya gedən Kərəm Həsənovun avtomobili yerli yol polisləri tərəfindən saxlanılıb. Kərəm Həsənovu tanımayan polislər onunla kobud danışıb. Sonradan maşınını saxladıqları şəxsin yüksək vəzifəli şəxs olduğunu bildikdə üzrxahlıq ediblər. Lakin Kərəm Həsənov bununla kifayətlənməyib. O, yol polisləri barədə DİN rəhbərliyinə şikayət edib. Bundan sonra Mübariz Fətəliyev işdən çıxarılıb.
JAM.AZ-ın əldə etdiyi məlumata görə, Kərəm Həsənov tərəfindən DYP işçilərini işdən çıxarma halları ilk deyil. Hələ bir müddət əvvəl də analoji hadisə Cəlilabad rayonunda yaşanıb. Məlumatda deyilir ki, Cəlilabaddakı olayda Kərəm Həsənov deyil, onun yaxın qohumlarının iştirakı olub. Və qırmızı işığı sürətlə keçərək, qəza vəziyyəti yaradan komitə sədrinin qohumları DYP əməkdaşları tərəfindən saxlanılıb. Onlar cərimə yazılmasından xoşlanmayaraq, bununla bağlı Kərəm Həsənova xahiş ediblər. Komitə sədri isə «Cəlilabadda kimsə mənim qohumlarıma gözün üstə qaşın var deyə bilməz» deyərək, rayon DYP-nin bir əməkdaşının işdən çıxarılması üçün DİN-ə müraciət edib. Və qısa müddətdə həmin polis işçisi işdən çıxarılıb.