Fiziki məhdudiyyətli gənc 3-cü kitabını təqdim etdi –"Özünlə fəxr et" - (FOTOlar)
22-06-2017, 09:15

Əlilliyi olan yazar Samir İmanovun "Özünlə fəxr et" kitabının təqdimat mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, kitab evlərinin birində baş tutan təqdimat mərasimində deputat Adil Əliyev, yazıçı Kənan Hacı, jurnalistlər, ictimaiyyət nümayəndələri və müəllifin yaxın dostları iştirak ediblər.
Samir İmanov 1981-ci ilin avqust ayının 27-də Sumqayıtda anadan olub. Uşaq yaşlarından serebrial iflic və hemofiliya xəstəliyindən əziyyət çəkən Samir, ağır xəstəliklərə sinə gərib.
O, bədii yaradıcılıqla məşğul olmağa başlayıb və bu günə qədər 3 kitab yazıb. Yenicə çapdan çıxan “Özünlə fəxr et” kitabı da onlardan biridir. Adından da bəlli olduğu kimi, kitab cəmiyyətin əlilliyi olan insanlara diqqət və qayğısının artırılmasına xidmət edir.
Kitab haqqında daha ətraflı isə müəllif özü danışır: “Kitab əlilliyi olan insanlardan bəhs edir və əlillik məsələsinin müxtəlif sahələrini əhatə edən məqalələrdən ibarətdir. Kitabın yazılmasında əsas məqsəd əlilliyi olan insanlarda ruh yüksəkliyi yaratmaq, onlara faydalı ola biləcək məsləhətlər vermək, mövcud problemləri qabardaraq, onların həllinə müəyyən qədər nail olmaq və əlilliyi olan insanları cəmiyyətə düzgün şəkildə təqdim etməkdir. Bu günə qədər 3 kitab yazmışam: “Hədəfdəki insan”, “Mənim hədəfim” və bu gün təqdimatı keçirilən “Özünlə fəxr et”… Bu kitablar əlilliyi olan insanlar haqqında yazı yazmaq istəyib, amma məlumat və mənbə tapa bilməyən jurnalistlər üçün də yararlıdır. Onlar çox rahat şəkildə bu kitablardan faydalana bilərlər. Yaxın günlərdə çapa veriləcək olan “44 ürəyin ritmi” adlı kitabım da əlilliyi olan insanlarla bağlı yazdığım silsilə kitablarımın davamı olacaq. Çox təəssüf hissi ilə qeyd edim ki, əlilliyi olan insanlarla bağlı silsilə kitablar yazan yeganə insan mənəm. Əslində bu sahə üzrə yazılası çox şeylər var. Hələ ki, bu məsuliyyəti öz üzərimə götürmüşəm. Mənim bir devizim var: “Fiziki vəziyyətin necə olursa-olsun, özünlə fəxr et”. Bu devizlə yoluma davam edirəm. Bu yolda mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu gün belə bir təqdimat mərasimini təşkil etdiyi üçün millət vəkilimiz Adil Əliyevə çox təşəkkür edirəm. Onun dəstəyi sayəsində bu gün kitabım çox yaxşı formada təqdim edildi, həm də satıldı.”
Deputat Adil Əliyev kitab təqdimatı və müəlliflə bağlı fikirlərini bölüşüb. Adil Əliyev çıxışı zamanı bildirib ki, dövlət də, vətəndaşlar da fiziki məhdudiyyətli insanların yanındadır: “Bunu da bu cür əməlləri ilə sübut edirlər. Samirə dəstək olmaq üçün onlarla insan buraya toplaşıb. Bu özü böyük mənəvi dəstəkdir. İnsan nəyisə qarşısına məqsəd qoysa ona nail olmaq üçün mübarizə aparsa, qalib gələcək. Samir qardaşımız, istedadlı, sərhədləri tanımayan dostumuz da belə insanlardan biridir. O, heç bir məhdudiyyətə məğlub olmadı və mübarizə apardı. Həm özü həyata qalib gəldi, həm də özü kimi fiziki məhdudiyyətli gənclərə örnək oldu. Biz bu gün Samirin müəllifi olduğu 3-cü kitabın təqdimatına toplaşmışıq. Çox böyük uğurdur. Bu yolda ona hər zaman dəstək olacağıq. Fiziki məhdudiyyətli gənclərə, insanlara, vətəndaşlarımıza sadəcə xüsusi günlərdə yox, hər zaman qayğı göstərilməlidir. Mən hesab edirəm ki, bizlər bunu anlamalı və kömək əlimizi, dəstəyimizi onlardan uzaqda tutmalı deyilik. Həyat var, deməli problem var, problem varsa, onun həlli də var. İnşallah, biz yaranmış problemlərin həlli üçün əlimizdən gələni edəcəyik”.
Tədbirin sonunda kitab satışı baş tutub və imza mərasimi keçirilib.



