Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Heydər Əliyev" və "Azərbaycan Bayrağı" Media Mükafatının sahibi NBC Bank-dan şikayətçidir - ŞİKAYƏT
23-06-2017, 23:48

DÜNYA AZƏRBAYCANLILARINA MÜRACİƏT
MƏKTUBU
Azərbaycan Respublikasında fəaliyyət göstərən və vətəndaşları talayan, onların göz yaşlarına baxmayan "NBC Bank"la adi çörəkpulu və yaşamaq üçün apardığım mübarizədə təkləndiyim, şərəf və ləyaqətim təhqir olunduğu üçün dünya azərbaycanlılarına müraciət edirəm!
HÖRMƏTLİ HƏMVƏTƏNLƏRİM!
Nəzərinizə çatdırım ki, mən Azərbaycan xalqına yorulmadan xidmət edən yaradıcı insanam. Eyni zamanda sahibkarlıqla da məşğul oluram. Lakin ölkəmizdə fəaliyyət göstərən "NBC Bank" Kommersiya Bankı dövlətçilik meyarları, Prezidentin apardığı quruculuq işləri yolunda yorulmadan addımlayan ziyalını azad yaşamaqdan məhrum edir, hərbiçi ailəsi olduğumu da unudaraq vətənpərvərlik ruhumu qırır. "NBC Bank"ın antihumanist, aqressiv, heç bir barışığa gəlməyən mövqeyi nəticəsində mənim büdcəmə 15.000 manatdan çox ziyan dəymişdir. Bank borcumu ödəmək üçün mənə heç bir şərait yaratmır, bütün biznesimi iflic vəziyyətə salmışdır.
SƏSİMƏ SƏS VERİN, DÜNYA AZƏRBAYCANLILARI!
Bizim ailə hər zaman milli və mənəvi dəyərlərə hörmətlə yanaşmış, dövlətçilik idaeyalarına sədaqətlə xidmət etmiş, Böyük Vətən müharibəsindən Qarabağ döyüşlərinə qədər şəhid vermiş, aprel döyüşlərində gənc və qəhrəman zabit, bacım oğlu Rusif Ağayevi Vətən yolunda torpağa tapşırmışıq. Himayəmdə şəhid ailəsi var, öz ailəmin isə bir üzvü şikəst bir üzvü isə Vətən torpaqları uğurunda düşmənlə üzbəüz dayanan hərbiçi zabitdir. "NBC Bank" elə bir ailəni köməksiz qoyduğu üçün Sizə müraciət edirəm.
Qeyd edim ki, sahibkarlıq fəaliyyətimi genişləndirmək üçün "NBC Bank"dan kredit götürmüşdüm. Banka 5-6 min ABŞ dolları borcum qalmışdır. Həmin borca görə "NBC Bank" illərlə min bir əzab-əziyyətlə qurduğum işlərimə əngəl törətmiş, ölkədən çıxışıma qadağa qoymuşdur. Halbuki mənim biznesim birbaşa xaricdən, rəsmi distribyüroru olduğum firmalardan gətirdiyim kənd təsərrüfatı təyinatlı məhsulların satışından asılıdır. Əgər bu işi həyata keçirə bilməsəm təbii ki, bankın kreditini də ödəmək imkanına da malik ola bilmərəm. "NBC Bank" vətəndaşa kömək etmək əvəzinə mənə hər cür mane olur, bununla da sahibkarlıq hüquqlarımı tapdalayır.
Müraciət etməklə aşağıdakı məsələlərin həlli barədə kömək istəyirəm:
1.Mənə qarşı qeyri-qanuni olaraq, heç bir xəbərdarlıq edilmədən ölkədən çıxışıma qoyulmuş qadağa aradan qaldırılsın;
2.2016-cı ilin oktyabr ayından bu tarixə qədər ayda 1500 manat olmaqla 9 ay müddətində ailə büdcəmə dəymiş 13500 manat maddi ziyan ödənilsin;
3.MDB ölkələrində keçirilən Azərbaycan diasporalarının üzvləri və iş adamları ilə görüşlərdə ölkəmizi yaxında-uzaqda təmsil edə bilmədiyim üçün özümü təhqir olunmuş, əzilmiş hiss edirəm və bunun üçün mənə dəyən mənəvi ziyan ödənilsin;
4.Möhtərəm Prezident İlham Əliyev cənablarının daxili və xarici siyasətini daima dəstəkləyən ziyalı və hərbiçi ailəsi kimi mənə qarşı aparılan avantüra, təxribat, şantaj və ədalətsizliklərə son qoyulsun.
5. İkinci devalivasiyanın vurduğu zərbə nəticəsində iqtisadi vəziyyətin çətinliyini nəzərə alaraq Bank ölkə Başçısının qərar və əmrlərini əsas götürüb mənim qalan borcumun Konstitusiyada təsdiq olunmuş formada- yəni Azərbaycan manatı ilə rəsmi kursu orta məzənnədə hesablayaraq yeni qrafik təsdiq olunmaqla ödənişinə şərait yaratmasını təmin etsin.
Mən bir Azərbaycan vətəndaşı kimi öhdəmə düşən vəzifəmi dərk edirəm və buna əməl etməyə hazıram. İnanıram ki, haqlı müraciətimə səs verəcəksiniz, əziz Həmvətənlərim!
Hörmətlə,
Asif Hacıyev
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
"Heydər Əliyev" və "Azərbaycan Bayrağı" Media
Mükafatının sahibi
, "Qızıl Qələm" mükafatı laureatı,
möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və
möhtərəm Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya
həsr olunmuş kitabların müəllifi
Ünvan: Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 54, mənzil 27
Telefon: 050 541 50 55
23.06.2017
teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az