"Paşinyan yalanı": ajiotaja XİN-dən - Cavab

11-05-2018, 17:14           

Xarici İşlər Nazirliyi olaraq biz həmişə ölkəmizdə fikir plüralizminə hörmətlə yanaşmışıq.

Bu sözləri Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sosial şəbəkə istifadəçisi, keçmiş KQB polkovniki İlham İsmayılın yalan statusundan sonra Feysbukda Xarici İşlər Nazirliyinə qarşı səsləndirilən ittihamlar və aqressiyaları şərh edərkən deyib.

“Plüralizm Azərbaycan Respublikasında dövlət səviyyəsində həyata keçirilən siyasətdir. Həmçinin, media, sosial şəbəkələrdəki fikir azadlığına hörmətlə yanaşırıq. Amma təbii ki, bu da ölkəmizdə müəyyən etik qaydalar çərçivəsində həyata keçirilməlidir. Media qurumları və sosial şəbəkələrdə fəaliyyət göstərən şəxslərə tövsiyəmiz ondan ibarətdir ki, ermənilər tərəfindən onsuz da müxtəlif dezinformasiya və saxta informasiyalar yayılır və bu informasiyaların dəqiqləşdirilməsinə hər zaman ehtiyac vardır. Dəqiqləşdirilməmiş məlumatların verilməsi nəticə etibarilə yersiz polemikaların yaranmasına səbəb olur”, – deyə o bildirib.

H.Hacıyev XİN-in ona qarşı səsləndirilən ittihamlara şərait yaradan faktla bağlı hüquqi addım atmayacağını deyib:

“Bununla bağlı hüquqi addımlar atılmayacaq. Sadəcə, hər kəsi aldığı informasiyanı dəqiqləşdirməyə, etik qaydalara, Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərinə hörmət etməyə çağırırıq”.

Qeyd edək ki, sosial şəbəkələrdə Ermənistan Baş naziri Nikol Paşinyanın guya Azərbaycanı qorxaq adlandırılması ilə bağlı informasiya yayılıb və istifadəçilər Paşinyana adekvat reaksiya vermədiyi üçün XİN-i ağır şəkildə ittiham edib. Sosial şəbəkələrdə XİN-ə qarşı çoxsaylı aqressiyanın yaranmasına səbəb olan yalan məlumatı İ.İsmayıl paylaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.