Azərbaycanın məşhur xanımları stadionu “işğal edir”?: “Zəhləm gedir” deyən də var, azarkeş olan da
24-11-2018, 12:01
Son illərdə Azərbaycanda futbola marağı yarananlar arasında qadınlar çoxluq təşkil edir. Əvvəllər futbolla maraqlanan xanımlar oyunları televiziya və ya internet vasitəsi ilə izləməyə üstünlük versələr də, artıq onlar stadionlara gedərək, futbola canlı baxırlar. Maraqlıdır, tanınmış xanımların futbolla arası necədir? Oyunlara baxırlarmı?
Cebhe.info mövzu ilə əlaqədar bir neçə xanımla əlaqə saxlayıb.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib ki, futboldan zəhləsi gedir:
“Heç bir komandaya azərkeşlik etmirəm. Buna sərf edən vaxtımı kitab oxumağa sərf edirəm”.
Politoloq Nəzakət Məmmədova açıqlamasında bildirib ki, futbolla müqayisə edilərsə, siyasət futbol meydançası, dövlətlər, siyasətçilər isə oyunçular kimidir:
“Burada da ədalətli və ədalətsiz hakimlər, forvardlar və s.var. Bəzən penalti vurmaq olur, bəzən sarı, yaxud qırmızı vərəqə göstərilir. Mən özüm konkret bir komandaya azarkeşlik etmirəm. Baxmayaraq ki, məşhur komandaların çoxunun adını, hansı ölkəyə aid olduqlarını bilirəm. Çünki azarkeşlik bir aludəçilik, asılılıq yaradır, insanın beynini məşğul edir. Ancaq mən azarkeşlik etdiyim bir komandanın yox, güclü komandanın qalib olmasını arzulayıram. Ayrı-ayrı komandaların oyununu izləməsəm də, dünya çempionatını yaxud millimizin oyunlarını çalışıram ki, izləyim. Futbol tarixi barədə geniş məlumatım var. Futbola da siyasi nöqteyi-nəzərdən baxıram və daha çox rəğbət bəslədiyim dövlətin, xalqın komandasının qalib gəlməsini arzu edirəm. Sözsüz ki, Azərbaycan və Türkiyə millisi hansı ölkə ilə oynayırsa-oynasın, onların qalib gəlməsini istəyərəm. Arzum isə ondan ibarətdir ki, Azərbaycan millisi nə zamansa mundialda oynasın”.
Gənc Tamaşaçılar Teatrının aktrisası Simuzər Atakişiyeva isə futbolla maraqlandığını, ancaq milli komandanın oyunlarına baxdığını bildirib.
Millət vəkili Qənirə Paşayeva da futbolla maraqlanan xanımlar arasındadır. Belə ki, o, “Qarabağ” azarkeşidir və tez-tez stadiona gedərək, canlı oyunlara baxır.
Futbolu sevməyənlər arasında xalq artisti Aygün Kazımova da var. Ancaq o, futbolu sevməsə də, milli oyunlara baxdığını deyib.