İlhamə Quliyeva köməkçisini bıçaqladı?
17-10-2015, 20:34
Ötən gün xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova (Bəylərqızı) barədə Ölkə.az-a verdiyi müsahibə böyük ajiotaja səbəb oldu.
Elə müsahibənin dərc olunmasından bir neçə saat sonra M.Hüseynova redaksiyamızla əlaqə saxlayaraq müsahibə vermək istədiyini bildirdi. Təbii ki, qarşı tərəfi də dinləməyə bilməzdik.
- Mehriban xanım, xalq artisti İlhamə Quliyeva saytımıza müsahibəsində bildirib ki, siz onun həyatına qəsd etmək istəmisiniz. Doğrudanmı belə bir şey olub və olubsa hansı səbəbdən?
- İndi mənim üstümə təcili yardım gəlib. Özüm də bir jurnalistəm, şəhid bacısıyam, vətənpərvər xanımam, bir qardaşım da müharibə əlilidir. İlhamə xanımı çoxdan tanıyıram, hansı xarakterə malik olduğunu da gözəl bilirəm. Barəmdə danışdığı əksər böhtanları normal qəbul edirəm. Ona görə ki, bizim aramızda çox yaş fərqi var. Rəhmətlik anam da belə idi. Yaş artdıqca insanın beyninə normal fikirlərin gəlmədiyini elə İlhamə xanımda da görürəm. Günahsız olduğumu çox gözəl bilirəm. Çünki onun ətrafındakı insanların fikrini özlüyümdə analiz etmişəm. Bu barədə zamanında dövlət orqanlarına söyləmişəm.
- Söhbət hansı dövlət orqanlarından gedir?
- Dövlət orqanlarına demişəm...
- "JEK"-ə, məktəbə? Hansı dövlət orqanının nəzərdə tutursunuz? Sanki sualdan yayınırsınız...
- Yox, polis orqanlarına söyləmişəm, hamısı bilir. Bir şeyə məəttəl qalıram. "Şərəf" və "Şöhrət" ordenli bir sənətkara yaraşarmı gecə saat ikidə yaxın rəfiqəmin evindən gələndə evimin qarşısında oğulluğu Orxan və dostu Vüqarla qabağımı soyuq silahla kəssin? Bu barədə "102" xidmətinə məlumat vermişəm.
- Soyuq silah deyərkən nəyi nəzərdə tutursunuz?
- Oğlunun əlində dubinka, oğlunun dostunun əlində isə bıçaq var idi. İlhamə Quliyevanı görəndə şok oldum. Qabağımızı kəsib maşını yumruqlamağa başladı, məni ölümlə hədələdi. Rəfiqəm qorxub əlini maşının siqnalına vurdu və bütün insanlar köməyimizə gəldi. Həmin vaxt mən polisə zəng vurdum. Polis əməkdaşları hadisə yerinə-evimin qarşısına gəlməyənədək maşından tərpənmədim. O vaxta kimi İlhamə Quliyeva qışqıra-qışqıra məni hədələyirdi. Polisi görən kimi hər üçü maşına minib aradan çıxdılar.
- Dünənki (srağagünkü-red.) hadisə harada olub?
- İbrahimpaşa Dadaşov, 141 V ünvanında, yaşadığım mənzilin qarşısında baş verib. Bu barədə Binəqədi 5-ci Polis Bölməsində izahatım var. Evimə də polis əməkdaşlarının müşayiəti ilə gəlmişəm. Çox pis vəziyyətdəydim, qorxmuşdum.
- İlhamə Quliyeva saytımıza müsahibəsində bildirib ki, oktyabrın 7-də onun evində polis əməkdaşları sizi saxlayıblar. Belə olub?
- İlhamə Quliyeva mənə zəng etdi ki, gəl hər şeyi unudaq, barışaq. "Quran"a əl basıb, anasının ruhuna and içəcəyini söylədi. Bildirdi ki, gələrsən bizə, hər şey olub keçib, işimizə başlayaq. Mən də gəldim onun evinə. Evə daxil olarkən polis əməkdaşları mənə təzyiq göstərdilər, amma bu uzun çəkmədi.
-Yəni polis sizi oradan apardı...
- Mən öz fikrimi demək istəyirəm.
- Sualıma cavab verməyinizi istəyirəm.
- Bəli, o özü mənə tələ qurmuşdu. O hansısa jurnalistləri inandıra bilər. Amma mənim yaşadığım binanın sakinlərinə nə cavab verəcəyini bilmirəm. Onun xalq artisti adına yaraşmayan nalayiq sözləri hamının yadındadır. O mənə qarşı nalayiq hərəkətlər edib və bıçaqla xəsarət yetirib.
- Bu nə vaxt olub?
- Ayağımdan, sağ budumdan bıçaqla vurub, başıma zərbələr endirib, qolumu pis günə qoyub. Hadisə oktyabrın 2-də, günorta 3-4 arası olub. Bıçaqlama olan günü gecə 1-də məni evimə buraxıb. Amma susmuşam, hörmət etmişəm. Bu hadisə oğulluğu Orxanın və dostu Vüqarın gözü qarşısında baş verib
- İlhamə xanım sizi niyə bıçaqlasın ki? Kifayət qədər ağır ittihamdır...
- Ona deyilmiş və tam araşdırılmamış sözlərə görə. İstəyirəm ki, sözümü deyim, sonra suallara cavab verəcəm. Çünki indi üstümə təcili yardım gələcək. Xalqıma, şəhid analarına, şəhid bacılarına müraciət edirəm. Xalqımdan və dövlətimdən dəstək istəyirəm. İlhamə Quliyeva hegemonluğu nə vaxta qədər davam edəcək? Bu adam xalq artistidir, yoxsa cinayətkar? Bir şəhid bacısı və vətənpərvər kimi kömək diləyirəm. Çünki xəsarət alan mənəm. Bu barədə daha heç kimə açıqlama verməyəcəyəm.
Dünən üstümə təcili yardım gəlmişdi, çox pis vəziyyətdəyəm. Artıq susa bilmirəm. Məni indiyə kimi evində əsarət altında, hədə-qorxu ilə saxlayan İlhamə Quliyeva olub. Nə vaxta kimi insanlar ondan qorxacaq?
- Necə yəni hədə qorxu? İşçini necə hədə-qorxu ilə saxlamaq olar?
- Hər dəfə işdən çıxmaq istəyəndə deyirdi ki, mənim yanımdan elə belə yox, rüsvayçılıqla çıxacaqsan. Jurnalist dostlarıma müraciət edirəm ki, mənə kömək etsinlər. İndiyə kimi əlimin zəhməti ilə yaşamışam, şəhid anasına baxmışam. Onun iddialarına cavab olaraq bildirirəm ki, mənə heç kimin mülkü, evi lazım deyil.