Məşhurlar və ictimai şəxslər nə qədər fitrə verəcək? – İNANILMAZ CAVABLAR

4-06-2019, 18:57           
Məşhurlar və ictimai şəxslər nə qədər fitrə verəcək? – İNANILMAZ CAVABLAR
Azərbaycanda Ramazan bayramı sabah qeyd ediləcək. Belə ki, Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə ay, bu gün saat 20:00 və 21:00 arası qərb istiqamətində görünəcək.
Bayramla əlaqədar isə mütləq fitrə zəkatı verilməlidir. Bununla bağlı Lent.az -a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı Hacı Ağasəid Yaqubov bildirib ki, bu il fitrə zəkatı ailədə adambaşına ən azı 5 manat təyin olunub:

“Fitrə zəkatı 5 manatdan başlamış 10 manata qədər verilə bilər. Kimin imkanı varsa, 10 manat və ya daha çox da çıxara bilər. Keçmişdə pulun yerinə xurma, kişmiş, buğda, arpa kimi məhsullardan verilirdi. Peyğəmbərin dövründə varlı insanlar ən yaxşı xurmalardan zəkat verirdilər. Amma indi pul verilir".
Görəsən, tanınmış və ictimai şəxslər bayram zəkatı verirmi? Ümumiyyətlə, onların fikrincə fitrə kimlərə verilməlidir?
Lent.az bu suallara cavab tapmaq üçün ictimai və tanınmış şəxslərin bir neçəsi ilə əlaqə saxlayıb. Onların cavablarını sizə olduğu kimi təqdim edirik:
İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov:

“Fitrə Ramazan ayında hər bir imkanı olan müsəlmanın verməsi gərəkən zəkat növüdür. Fitrənin imkansız qohum-əqrabaya, yoxsul və kasıb insanlara, kimsəsizlərə verilməsi daha məqsədəuyğundur. Burada əsas məqsədlərdən biri imkanı olmayan insanlara bayram sevincini yaşatmaqdır. Fitrə insanlar arasında birlik və bərabərliyi, həmrəyliyi daha da möhkəmləndirir, yardımlaşma duyğusunu gücləndirir. Dinimizin müsəlmanları ən çox təşviq etdiyi əməllərdən biri də imkansız insanlara əl tutmaq, Allah-Təalanın verdiyi nemətləri digər insanlarla bölüşməkdir. Mən də digər vətəndaşlarımız kimi Ramazan ayının sonunda fitrə verəcəm”.
Azərbaycan Respublikasının əməkdar jurnalisti Azər Həsrət:

“Din məsələsində məsafəli davranıram və oruc tutmuram. Fitrəyə gəlincə, vermiş olsam da bunu reklam edən deyiləm. Ümumiyyətlə, kiməsə yardım etmək üçün hansısa bayramı gözləmək düzgün bir davranış deyil”.
Millət vəkili Fəzail Ağamalı:

“Biz ailə olaraq həmişə bayram və bayramdan kənar fitrəni vermək ənənəsini yaşatmaqdayıq. İmkanımız daxilində imkansızlara yardım etməyi özümüzün mənəvi borcu bilirik və buna əməl etməklə ruhi rahatlıq yaşayırıq”.
Müğənni Xuraman Şuşalı:

“Zəkat vermək vacib əməllərdəndir. Və bu zəkatı ətrafımda olan ən çox ehtiyacı olana verəcəyəm. Fitrəni verən şəxslər bayram günü onun o qədər ləzzətini dadar ki, yenə edər. Allah bəhanə axtarır ki, insanları cənnətə salsın. Ola bilər ki, fitrə verərək insanlar cənnətə düşsün. Həmd olsun Allaha!”.
Millət vəkili Naqif Həmzəyev:

“Hər bir müsəlman kimi fitrə verəcəyik və imkansız, köməyə ehtiyacı olan şəxslərə bunun verilməsi məqsədə uyğundur. Allah bütün orucları və duaları qəbul etsin”.
Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova:

“Hər il bayram fitrəsi çıxardıram. Bu il də ənənəni davam etdirəcəm. Fikrimcə, fitrə ona ehtiyacı olan ailələrə verilməlidir. Biz Bakı Dövlət Universiteti olaraq bu il Novruz bayramında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Dost" xonçası layihəsinə universitetimizin 100 illik yubileyi münasibətilə 100 xonça ilə qoşulduq. Nazirliyin təqdim etdiyi siyahı üzrə ailələrə, kimsəsizlərə, ahıllara baş çəkdik. Mən bu il bayram fitrəsini həmin ailələrdən birinə verməyi düşünürəm. Allah hamımızın ibadətlərimizi və sədəqələrimizi qəbul eləsin”.
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu:

“Ayların sultanı sayılan Ramazanda oruc tutan da, tutmayan da sonuncu gün ailə üzvlərinin sayına uyğun fitrə zəkatı çıxarmalıdır. Həmin gün fitrə bayramı da adlanır. Dinimizdə deyilir ki, fitrə zəkatının miqdarı 3 kiloqram buğda, arpa, düyü, yaxud xurma olur, ya da onlardan birinin satış qiyməti hesablanaraq ortaq qiymət müəyyənləşir.
Bugünkü qiymətlərlə ümumi məbləğ adambaşına 10 manat götürülür. Bizim ailənin fitrə pulu 30 manat edir. Bu pulu ehtiyacı olanlara verəcəyik. Ətrafımızda az da olsa belələri var. Bir məqamı vurğulayım ki, borcu olan şəxslər evdən fitrə zəkatı çıxarmamalıdır. Fitrə zəkatı ona görə çıxarılır ki, gələn bir il müddətində həmin ailə hər hansı pis hadisə yaşamasın. Məhəmməd Peyğəmbər (S.a.s) buyurub ki, varlı möminlər vaxtı-vaxtında fitrə zəkatını evindən çıxarıb kasıblara paylasaydı, dünyada bir nəfər də kasıb olmazdı”.
Müğənni Səməd Səmədov:

“Mənim bağım Fatmayi kəndindədir. Hər il oranın məscidinə ziyarətə gedib, bayram fitrəsini orada verirəm”.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Günel Eyvazlı:

“Zaman keçdikcə anlayışlara bir başqa tərəfdən baxmağa ehtiyac var. Düşünürəm ki, xeyirxahlıq etmək üçün xüsusi günləri gözləməyə ehtiyac yoxdur. Sadəcə insan olaraq mərhəmət missiyanı həyata keçirməlisən. Yəni, Qurban bayramında kütləvi heyvan qətliamını gerçəkləşdirmək o dünyanın “Cənnət qəbzi”ni qazanmaq demək deyil.
İstənilən halda, mühitdə yaşayınca bəzən adətlərə də tabe olmaq məcburiyyətində qalırsan. Yadımdadır, valideynlərim belə günlərdə fitrə adına müəyyən məbləğ çıxarar və ehtiyacı olan kimsəyə verərdilər. Amma bu məbləğ xüsusi hesablanmış rəqəmlər daxilində olmurdu. İmkanı olan qədər yardımlarını edirdilər. Mən isə ağlım kəsəndən sonra bu adəti həyata keçirmək üçün Ramazanı gözləmirəm. Öncə qohum-əqrabama nəzər salıram. Ehtiyacı olan kimsələrə bayram süfrəsinə nemət qoyması üçün bacardığım yardımı edirəm. Bu yaxınlarda sosial şəbəkədə ağ qan xərçəngindən əziyyət çəkən azyaşlı üçün mən və çoxları yardım kampaniyası keçirdik. Bacardığımız köməyi etdik. İndi də etməkdə davam edirik.
Müdrik Ömər Xəyyam demişkən, mal-mülk sahibi olunca şüşə pəncərə arxasından dünyanı və digər insanları görməyi bacaraq. Yəni şüşə arxasında gümüş olunca güzgü kimi yalnız özümüzü görməyək. Ehtiyacı olan kimsələrdən bacardığımız köməyi əsirgəməyək. Ən azından təbəssümümüz belə yardım edəcəksə, əsirgəməyək. Pis sözlərlə könül yaralamayaq. Hər şey maddi hesablanmayıb. Xoş söz belə bir insan həyatını xilas edə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.