Xalq mahnılarımız kimlərin xoşuna gəlmir və niyə?

5-06-2019, 09:49           
Xalq mahnılarımız kimlərin xoşuna gəlmir və niyə?
“Gəlmişəm otağına oyadam səni...”
“Gəlmişəm otağına oyadam səni, qaragilə” Onun qara giləsini harada görüb o? O vaxtı senzura var idisə, demirdi ki, bu gecə vaxtı camaatın qızının otağına niyə girirsən?"

Milli.az saytının məlumatına görə bu sözləri prodüser-aparıcı Tarix Əliyev öz verilişində səsləndirib. O, digər xalq mahnılarımızda da yanlış, vulqar sözlər olduğunu deyib: “Budur gəlir cüt bacı... Ya da ”O yana döndər məni, bu yana döndər məni". Bu nədir?"

Məsələ ilə bağlı əməkdar artist Baloğlan Əşrəfov telefonla canlı yayıma bağlanıb. O, yarım əsrdən çox yaşı olan sözügedən mahnıların illərdir doğru-düzgün təqdim edilmədiyindən şikayətlənib: “”Araz axar qıyqacı" mahnısı ilə bağlı dediniz. Vaxtilə o mahnını oxuyan çox böyük sənətkarlarımızdan hansı biri isə onu səhv oxuyub. O da efirə belə gedib, hamı da onu elə qəbul edib. Amma əslində, bu, bizim ədəbiyyatda belə deyil. Düzü belədir: “Araz axar qıyqacı, Budur gəlir cüt bacı. Biri mənim öz yarım, biri onun dilmacı”.

Sonra “Bağa girdim üzümə” mahnısını da səhv oxuyublar. Bunu əməkdar, xalq artistlərimiz oxuyub, amma səhv oxuyublar. Bu da “Bədii Şura”nın gözündən qaçıb. O mahnı elə deyil, belədir: “Bağa girdim üzümə, tikan batdı dizimə. İstədim ki, gizlənim, yar sataşdı gözümə”. O yardan gizlənmək istəyib. Vaxtilə bu mahnıları böyük sənətkarlarımız oxuyub. Onlara da bunu rişxənd edən olmayıb".

Qeyd edək ki, bir çox xalq mahnılarımız var ki, onların sözləri, mənası tez-tez müzakirə edilir. Araşdıranda məlum olur ki, ya həmin xalq mahnıları bu gün düzgün anlaşılmır, ya da ki, ilkin variantı təhrif olunaraq bu günümüzə qədər çatdırılıb. Xüsusən də sovet dövründə bir çox xalq mahnılarımızın mənalarının təhrif olunduğu bildirilir.

Məsələn, ən çox müzakirə edilən mahnılarımızdan biri “Qaragilə”dir:

“Gəlmişəm otağına

oyadam səni, Qaragilə,

Nə gözəl xəlq eləyib

Yaradan səni, Qaragilə.

Götürüb mən qaçırım

aradan səni, Qaragilə... “

Mahnının ilk bəndi illərdir ki, müzakirə edilir, hətta mənasında erotik çalarlar axtarılır. Lakin folklorşünaslar qeyd edir ki, mahnının sözlərini başqa mənaya yozmaq doğru deyil. Burada əsasən Təbrizdə yaşanan bir eşqdən söz açılır. Hansısa təbrizli aşiq gözəl bir qıza aşiq olur və bilinməyən səbəbdən sevgilsiini götürüb aradan çıxmaq məcburiyyətində qalır. Aşiq qızın otağına məhz qızı qaçırtmaq üçün gəlib.

Və yaxud ən çox müzakirə edilən xalq mahnılarımızdan biri “İstəyirəm görəm yarı, Üç gündən bir, beş gündən bir...” mahnısıdır.

“Gəlin gedək bizim bağa

hərə çıxaq bir budağa

ləb-ləbə, dodaq-dodağa

a tirmə köynək,

ay sarı çəpkək".

Bu mahnı barəsində söz düşəndə musiqiçilər bildirir ki, nə vaxtsa mahnının sözləri başqa cür olub, sonradan “əl gəzdirilib”. Mahnın son beyti isə daha çox müzakirə olunur:

“Bu gələn yar olaydı

Əlində nar olaydı

ikimiz bir köynəkdə

Yaxası dar olaydı".

Digər bayağı hesab olunan xalq mahnımız aşağıdakıdır:

“Əmimqızı bizə gəl,

Qırmızı gey, təzə gəl.

Bir əlində şiş-kabab,

Bir əlində məzə gəl".

Bu xalq mahnısını çoxlu sayda sənətkarlarımız oxuyub, lakin mənasına o qədər də diqqət edilməyib. Mahnıda əmiqızıya müraciət edərək, məzə də götürüb qonaq gəlməsi xahiş olunur. Xatırladaq ki, məzə el arasında spirtli içki içərkən yeyilən yüngül qidalara, çərəzə deyilir. Əmiqızının məzə götürüb qonaq gəlməsinin mentalitetimizə uyğun olmadığı deyilir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.