“Bizə demişdilər ki, “qayırmaq” sözü verilişdən kəsiləcək” – Alim Qasımovun qızı

10-01-2020, 00:25           
“Bizə demişdilər ki, “qayırmaq” sözü verilişdən kəsiləcək” – Alim Qasımovun qızı
Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova olub “Okan Bayülgən ile uykusuzlar kulübü” verilişində qonaq olublar. Okanın ünvanladığı sual birmənalı qarşılanmayıb. Belə ki, aparıcının Alim Qasımova ünvanladığı sual türk dilində normal sayılsa da, Azərbaycan dilində qeyri-etik və ədəbsiz səslənib. Azərbaycanın bir çox tanınmışları da Alim Qasımova olan dəyəri nəzərə alaraq sosial şəbəkələrdə etirazlarını dilə gətirdilər.

Son günlərin müzakirə mövzusuna çevrilən bu məsələyə aydınlıq gətirmək üçün media Fərqanə Qasımova ilə əlaqə saxlayıb. O, məsələni bu cür şərh edib:

“Mən o verilişə gedənə qədər Okan barədə heç bir məlumatımız olmayıb, o aparıcını da tanımırdıq. Sadəcə festivaldan sonra, konsert bitdi və çıxışımız türk mediasının diqqətində oldu. Konsertdən sonra bizi həmin verilişə dəvət etdilər və biz də qatıldıq. O insanı qətiyyən tanımırdıq. Deyirlər ki, ermənipərəst aparıcıdır. Mən bilmirəm Okan kimdir, ermənipərəst bir mövqeyi var, ya yox, biz qardaş ölkədə kanalın dəvəti ilə verilişə çıxmışdıq.

Qaldı verilişdə baş verən məlum olayla bağlı, təbii ki, verilişin çəkilişi bitən kimi biz aparıcıya da, verilişin rəhbərinə də etirazımızı bildirdik ki, ordakı ifadələr və sualın təqdim olunmasına razı deyilik. Azərbaycanda bu verilişi izləyənlərin narazılığına səbəb olacaq. Çünki türk dilində olan o ifadənin Azərbaycan dilində tərcüməsi və səslənməsi ədəbli deyil. Biz Azərbaycan sənətçiləri olduğumuz üçün bu sualın efirdən bu şəkildə təqdim olunması doğru sayılmır. Bizə də söz verdilər ki, qətiyyən narahat olmayın, verilişdə olan həmin hissə kəsiləcək, efirə getməyəcək. Bildirdik ki, bizim dilimizə də hörmət etməlisiniz. Onlar dedilər ki, baş üstə, narahat olmayın. Ancaq yenə öz bildiklərini ediblər.

Məni narahat edən başqa bir məqamdı. Biz illərdir Alim müəllimlə dünyanın ən böyük səhnələrində çıxış edirik, konsertlər təqdim edirik bu barədə sosial mediada yazan olmur, mətbuatda yetərincə işıqlandırılmır. Amma qalmaqallı bir kəlmə dərhal hamının marağını oyada bilir. Buna üzülürəm. Mən yenə də deyirəm, mən aparıcının bunu bilərəkdən edib-etmədiyini deyə bilmərəm, günaha girməyim. Amma verilişi başdan-ayağa seyr edənlər görər ki, Okan bəy bizə kifayət qədər hörmətlə yanaşır, fikirlərimizə diqqətlə qulaq asır, ifamız onu nə qədər təsirləndirə bilir. Bilirsiz, türk dilləri olsaq da, sözlərimizdə fərq, məna fərqi olur. Misal üçün, biz təyyarə düşdü deyirik, türklər bu sözü eşidəndə narahat olurlar ki, təyyarə qəzaya düşdü. Bir sözlə, anlaşılmaz bir durumu bu qədər şişirtməyə də ehtiyac yox idi”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.