"Aparıcılar kiminsə qohumu, sevgilisi və ya televiziyaya pul gətirən adamlardır..."

30-06-2020, 16:21           
"Aparıcılar kiminsə qohumu, sevgilisi və ya televiziyaya pul gətirən adamlardır..."
“Bunlar fikirləşir ki, reytinq şərəfsizlikdi, bir-birini çimdikləməkdi, mənəviyyatsızlıqdı...”

“Televiziya insan məhsulu yaradan silahdır. Düzdür, televiziya Amerikada doğulsa da, bizdə “ölüb”. Bunun da səbəbi bizdə televiziya rəhbərlərinin həmişə qeyri-peşəkarlar olmasıdır”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aparıcı Kamran Həsənli deyib. Aparıcı Azərbaycanda bu sahədə qeyri-peşəkarların fəaliyyət göstərdiyini bildirib:

“Veriliş tam olaraq vətənpərvər yox, insanın düşüncəsini işlədəcək səviyyədə olmalıdır. Televiziya Amerikada belə icad olunub ki, maarifləndirmə və əyləncə olmalıdır, amma o əyləncənin içində də maarifləndirmək lazımdır. Amerika böyük dövlətdir və televiziya sahəsində böyük uğurlar da qazanıb. Televiziya insan məhsulu yaradan silahdır. Düzdür, televiziya Amerikada doğulsa da, bizdə “ölüb”. Bunun da səbəbi bizdə televiziya rəhbərlərinin həmişə qeyri-peşəkarlar olmasıdır. Tamamilə televiziyada olmayan, televiziyadan anlayışı olmayan adamlar telekanalda keçirilən iclasda 20-25 illik təcrübəsi olan adamlara ağıl öyrədir. Amma baxırsan ki, adam nəinki televiziyada olmayıb, heç bu sahədə uğuru belə yoxdur. Belə adamlara da elə gəlir ki, televiziyanı idarə etmək asan bir şeydir. Əslində televiziya ölkənin içində bir ölkədir. Onu idarə edən peşəkar, sıfırdan başlayıb generallığa gəlib çatan şəxs olmalıdır.

Ümumiyyətlə, televiziyalarımızda aktyor və ya teatr yada düşmür. Teatr da Azərbaycanda “ölüb”. Teatrdı, kinodu, rəssamlıqdı, poeziyadı, yəni bütün bu janrlar ki, var, mədəniyyət nümunələridir və onlar “ölüb”. Televiziyalar da ona dəstək olmaq fikrində deyil, çünki bir daha qeyd edim ki, orda qeyri-peşəkar insanlar oturub. Millətin gücü isə onun mədəniyyətindədir. Aparıcılar kiminsə qohumu, sevgilisi və ya televiziyaya pul gətirən adamlardır. Əsas sponsordu və onun pulu nəticəsində veriliş ərsəyə gəlir və orda istəyirsən tullan, düş, yıxıl, nə edirsən, et, amma reytinq gətir. Bu reytinq də mistik bir şeydir. Reytinqi kim, necə, harda ölçüb, onu bilən yoxdur. Televiziya rəhbərlərinin çoxu reytinq sözünün mənasını anlamırlar. Onlar elə bilirlər ki, reytinq baxımlılıqdı. Əslində reytinq sənə olan münasibətdir, hörmətdir. Bunlar fikirləşir ki, reytinq şərəfsizlikdi, bir-birini çimdikləməkdi, mənəviyyatsızlıqdı. Bunun nəticəsində də insanlarımız televiziyalarımıza nifrət edirlər və sıravi azərbaycanlının da ən populyar deyimi, “mən Azərbaycan Televiziyasına baxmıram” sözüdür və bu da ayıbdır. Əslində bu faciədir, amma bununla fəxr edənlər var. Qaldı ki, televiziyaya daxil olanda hamı bir-birindən razıdır, hamının reytinqi var və savadlı rəhbərin dediyi ilə oturub-dururlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.