"Qanunları ən çox pozan kanal ANS-dir" - MTRŞ sədri
23-01-2016, 15:03
“ANS televiziyasının serial çəkilişi ilə bağlı dediklərini qətiyyətlə rədd edirik. Heç bir telekanala qərəzimiz yoxdur. Azərbaycan prezidentinin sərəncamı ilə serialların çəkilişinə əvvəl 5 milyon, sonra isə 6 milyon manat vəsait ayrılıb. Bu vəsait qəpiyinə qədər telekanallar arasında bölüşdürülüb”.
Modern.az saytı xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
“Serial çəkilişi ilə əlaqədar ANS telekanalına 1 milyon 760 min manat, “Serial çəkilişi üçün "Lider"ə 1 milyon 800 min manat, "Space"ə 1 milyon manat 800 min manat ayrılıb.
2015-ci ildə isə “Region” telekanalına 550 min manat vəsait ayrılıb” N.Məhərrəmli “Region”a az maliyyə ayrılmasını telekanalın gec yaranması ilə əlaqələndirib.
N. Məhərrəmli qeyd edib ki, bu gün ən çox qanunları pozan ANS telekanalıdır: “Bizim verdiyimiz qərarlar qanunlara əsaslanır və biz qərarların doğruluğuna əminik. Şura serial çəkilişi ilə əlaqədar müqavilə öhdəliklərini yerinə yetirmədiklərinə görə ANS və İctimai Televiziyanı məhkəməyə verib.
“Abşeron” serialının çəkilişi ilə bağlı ANS-ə 200 min manat vəsait verilməli idi. Birinci mərhələdə 60 min, ikinci mərhələdə 100 min, üçüncü mərhələdə isə 40 min manat ödənilməliydi. ANS telekanalı bu işə məsuliyyətsiz yanaşdı.
“Abşeron” serialının adının dəyişdirilməsi üçün bizə müraciət etdilər. Biz də onları məhkəməyə verdik. Bu dediklərim onların 40 min manatla bağlı iradlarına cavabdır”.