Müğənnilərlə musiqiçilər arasında şabaş davası - Toyda yığılan pul kimə çatmalıdır?

21-01-2021, 16:18           
Müğənnilərlə musiqiçilər arasında şabaş davası -
"Həmin Zaur" proqramında klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə müğənni İzzət Bağırov arasında mübahisə yaşanıb. Belə ki, Hüseynin sosial şəbəkədə,-"Ümid edirəm ki, bundan sonra musiqiçilər haqlarını kəsən bəzi müğənnilərə sözlərini deyə biləcəklər.

Bu bir dərs oldu, heç birimiz acından ölmədik. İmkan verməyin pulunuzu hansısa müğənni yesin. Özünüzə hörmət edin, əziz zəhmətkeş musiqiçilər",- sözlərinə İzzət Bağırov etirazını bildirib.

İzzət bildirib ki, əgər Hüseyn həmin ifaçıların adını açıqlamırsa, danışmaq haqqı yoxdur:
"Deyirsən 90 faizini nəzərdə tuturam. Kimlərlə işləmisən? Biri mən, oradan pul aparıram? Heç olmasa faizi az deyərdin. Kimsə danışırsa, ad çəksin. Çəkə bilmirsənsə, söhbət etmək lazım deyil. Tək Hüseyn yox, bütün müğənnilərə aiddir sözüm. Çıxıb demə ki, ad çəkmirəm, filan hadisə oldu".

Hüseyn isə yenidən sənət adamlarını toyda verilən şabaşları cibinə qoymaqda qınayıb.

Bəs, toyda müğənni ilə musiqiçilər arasında pul bölgüsü necə olmalıdır? Qonaqların verdiyi şabaş kimin haqqıdır?

Musavat.com mövzu ilə bağlı sənətçilərin fikrini öyrənib.

Müğənni Şəbnəm Tovuzlu qeyd edib ki, heç vaxt musiqiçilərin haqqına girməyib:
“Mən heç vaxt musiqiçinin puluna əl uzatmamışam. 7000 manat Bakı toyu danışmışamsa, 2000 musiqiçilərə vermişəm. Orda əlavə olaraq 5 min manat da, 10 min manat da yığılsa, o pula əl uzatmamışam. Toya tək gedəndə də əlimə verilən puldan musiqiçilərə verirəm. 1000 dollar veriləndə 400 dolları musiqiçinin stoluna qoyuram. Toyda şabaş yığılmasa, öz pulumdan 500 manat musiqiçilərin pulunun üstə qoyuram. Çünki onlar da övlad böyüdür. Heç vaxt onların haqqına girmərəm”.

Müğənni Tacir Şahmalıoğlu bildirib ki, şabaş musiqiçilərin haqqıdır:

“Şabaş 5 manatdırsa, musiqiçilərimə 10 manat vermişəm. Əlbəttə ki, musiqiçilərə çatmalıdır, onların da balası var. Adam var toyda yığılanı da, ev yiyəsindən aldığını da cibinə qoyur. Musiqiçilərə də çox az pul verir. Mənim yadımdadır ki, Məhəbbət Kazımov həmişə şabaşı musiqiçilərə verirdi. Bir neçə müğənnidə də görmüşəm. Müğənninin vuran ürəyi musiqidir. Musiqini də musiqiçi ərsəyə gətirir. Musiqiçilərin haqqına girmək olmaz”.

Müğənni Afət Fərmanqızı deyib ki, toyda yığılan şabaşın ixtiyarı müğənnidədir:

“Mənim musiqiçilərim alacaqları məbləği bilir. Şabaş olmasa da, o pulu onlara verirəm. Son vaxtlar çox şabaş olmur. Lakin 1000 manat şabaş olanda 8 musiqiçi arasında onun 3-də ikisini bölürəm. Hamısının pulunun üstə əlavə edirəm. Mənim mahnılarımı öz musiqiçilərim aranjeman edir, o zaman da onlara ödəniş edirəm. Toydan narazı göndərmirəm heç vaxt. Musiqiçilərim Sabirabaddan gəlir. Onların yol pulunu, yemək pulunu, Bakıda qalarlarsa, otel pulunu da nəzərə alıram. Camaat Bakıdan rayona musiqiçi gətirəndə mən əksini edirəm. Ən yaxşı musiqiçilər mənimlə çalışır. Toyda yığılan şabaşın ixtiyarı müğənnidədir. Lakin müğənni musiqiçiyə dəyər verməlidir. Dəyər vermək də pulla olur, gərək haqqını verəsən. Niyə bəzi müğənnilərin ansamblının üzvləri hər dəfə fərqli olur. Çünki yaxşı qonorar vermirlər. İnsan gərək vicdanla işləsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.