“Onlara nəyə görə müavinət verilməlidir ki?” - Sərdar Cəlaloğludan fəxri ad daşıyanlarla bağlı TƏKLİF

8-02-2021, 19:39           
“Onlara nəyə görə müavinət verilməlidir ki?” -
Ötən gün Əməkdar jurnalist Rəhman Orxan "Xalq” və "Əməkdar” titullu yaradıcı və sənət adamlarının aylıq müavinətlərinin artırılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət ünvanlayıb.

O, müraciətində "Xalq” və "Əməkdar” titulu alan şəxslərə verilən müavinətlərin çox aşağı olduğunu, 7-8 ildir müavinətlərə artım edilmədiyini və bununla bağlı bir tədbir görülməsini tələb edib. Jurnalist həmin müavinətlərin müvafiq olaraq 500 və 300 manata çatdırılması təklifini irəli sürüb.

Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Sfera.az-a açıqlamasında bu cür qərarların verilməsini yalnış hesab etdiyini bildirdi:

"Hər hansı bir təbəqəyə müəyyən bir titul verilməsi və onlara verilən aylıq müavinətlərin artırılması dövlətçilik baxımından yalnışdır. Düşünürəm ki, bu digər sahələrdə çalışan insanlara göstərilən ən böyük ədalətsizlikdir. Belə münasibətin özündə bir yalnışlıq var”.

Partiya sədri ümumiyyətlə, bu cür müavinətlərin verilməsini doğru hesab etmədiyini vurğuladı:

"Dünyada bu cür titullar sadəcə fəxri addır. Azərbaycanda isə, bunların hamısı pula bağlanıb. Onlara nəyə görə müavinət verilməlidir ki? Hər kəsə bəllidir ki, "Xalq” və "Əməkdar” statusunu qazanan şəxslərin gəliri adi vətəndaşların gəlirindən daha çox olur. Onlar yüksək həyat tərzi ilə digərlərindən seçilirlər. Belələrinə müavinətlərin verilməsinə nə gərək var? Düşünürəm ki, ümumiyyətlə titul məsələsi yığışdırılsa daha yaxşı olar”.

Xatırladaq ki, fəxri ad daşıyanların müavinətlərinə son 10 ildə 3 dəfə artım olub. Sonuncu dəfə 2019-cu ildə müavinətlər "Xalq" titulunu daşıyanlar üçün 100 manatdan 150 manata, "Əməkdar" titulu daşıyanlar üçün isə 60 manatdan 100 manata çatdırılıb. 267 nəfər "Xalq", 2 993 nəfər isə "Əməkdar" titulunu daşıyır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.