Həbsxanadakı şou- biznes məşhurları
11-05-2016, 12:35
Dünya ölkələrində olduğu kimi, Azərbaycan şou-biznesində də yolu həbsxanadan keçən çoxlu sayda məşhurlar var. Musavat.com məhbəs həyatı yaşan bir neçə məşhuru təqdim edir.
Onların arasında bəlkə də ən çox qalmaqala səbəb olan müğənni Maral Tahirqızının həbsi oldu. 2014-cü ildə birdən-birə sosial şəbəkələrdə fenomenə çevrilən, özünü “dünyanın ən zil səsli” müğənnisi hesab edən Maral Tahirqızı tez bir zamanda efirlərdə də populyarlıq qazanmağa başlamışdı. Amma “zil səsi” ilə deyil, gülüş yaradan deyimləri, açıqlamaları ilə... Müğənni elə yenicə şou-biznes aləminə qatılmaq istəyirdi ki, ötən il barəsində cinayət işi açılması haqda xəbərlər yayıldı. Maral Tahirqızı Cinayət Məcəlləsinin 244.1-ci, fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməkdə ittiham olundu. Müğənni dəfələrlə mətbuata açıqlamasında ona qarşı edilən ittihamları təkzib etsə də, məhkəmə barəsində 3 il müddətinə azadlıdan məhrumetmə qərarı çıxartdı. Beləliklə, müğənni elə məhkəmə zalındaca həbs olundu.
Ötən il Nüşabə Ələsgərli, Nazənin və bir çox məşhur müğənnilərin, bəzi telekanallarında yayımlanan şou tipli verilişlərin prodüseri olan Vəfa Vaqifqızı da qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinərək, həbs edilmişdi.
Barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilən prodüser xanım sonradan azadlığa buraxılmışdı.
Həbs olunan sənətçi xanımlar siyahısında müğənni Firuzə İbadovanın bacısı, aktrisa Rəhimə İbadovanın da adı var. Belə ki, aktrisa 2006-cı ildə dələduzluqda ittiham olunaraq 9 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apelyasiya Məhkəməsi cəzanın müddətini 8 ilə endirmişdi və aktrisa 2013-cü ildə azadlığa çıxmışdı. Yayılan məlumatlara görə, aktrisa məhkumluq dövründə həbsxanada fəaliyyət göstərən Dram Dərnəyinin rəhbəri olub.
Həbsi ölkədə böyük rezonans doğuran, hazırda da məhbəs həyatı yaşayan şou aləminin məşhurlarından biri də tanınmış teleaparıcı İlham Mirzəyevdir. Aparıcı iki il bundan əvvəl dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir. Nərimanov Rayon Məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib... Bugünlərdə teleaparıcının həbsxanada iflic olduğu barədə xəbərlər yayıldı. Lakin vəkili bu barədə mətbuata açıqlama verərək bildirdi ki, yayılan xəbərlər əsassızdır, teleaparıcının vəziyyəti normaldır və səhhətində heç bir problem yaşanmır.
Reper Elşad Xose isə narkotikdən istifadə etdiyi üçün həbs olunanlar sırasındadır. Belə ki, reper 2010-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və bir müddət həbsxana həyatı yaşayıb.
Meyxanaçı Bayram Kürdəxanılı da iki il öncə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib. Məşhur meyxanaçı Mahir Cürət də bugünlərdə Sumqayıt 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, meyxanaçı narkotik vasitə ilə tutulub. Hazırda onun Kürdəxanı qəsəbəsindəki Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasnda olduğu bildirilir.
Mətbuatda yayılan məlumatlara görə, mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov da 2008-ci ildə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlanma, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma ilə ittiham olunaraq barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib.
Rejissor Aqil M.Quliyev isə 2013-cü ildə dələduzluq ittihamı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məlumata görə, rejissorun həbs olunmasına səbəb Marianna Turabova adlı şəxsdən 150 min manat borc alıb, lakin sonradan borcunu geri qaytarmaması olub.
Dələduzluq ittihamı ilə həbs olunanlar arasında vaxtilə populyarlıq qazanan müğənni Vüsal Əliyev də var. 2012-ci ildə müğənninin barəsində 3 il həbs qərarı çıxarılıb. Hazırda azadlıqda olan müğənni şou aləmindən tamamilə kənarlaşıb.
Şou aləmində ən az müddətə həbs olunan isə müğənni-bəstəkar Tunar Rəhmanoğludur. Azəri Günelin qardaşı olan Tunar avtoşluq etdiyi və polisin qanuni tələbinə məhəl qoymadığı üçün 10 sutka həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum olunması cəzası almışdı.