Rövşanəni müdafiə edən jurnalist "Space" rəhbərinə: - "Belə davranmazlar..."

1-09-2023, 12:49           
Rövşanəni müdafiə edən jurnalist "Space" rəhbərinə: -
Jurnalist Afaq Vasif qızı "Space" televiziyasının rəhbəri Vado Korovin haqqında açıqlaması ilə diqqət çəkib.

TEREF.AZ teleqraf.com-a istinadla xəbər verir ki, o, kanal rəhbərliyinin aparıcı Rövşanə Ağasəfqızı ilə bağlı qərarını qeyri-peşəkarlıq adlandırıb: "23 ildir televiziyadayam, 23 il rəhbər vəzifələrdə çalışmışam - şef redaktor, baş redaktorun müavini, baş redaktor, layihə rəhbəri, şöbə müdiri və sair. Bu 23 ildə televiziya qaydalarından gördüklərimi yazsam ən məşhur bestsellerdən də çox oxunar, çünki real adamların real əməlləri daha maraqlıdır.

Bu 23 ildə gördüklərim arasında, heç şübhəsiz, kuryozlar da olub, nonsenslər də. Bir nonsensə də bu gün şahid oldum.

Köhnə telemövsümü başa vur, aparıcıya bildir ki, yeni mövsümdə bərabər çalışacağıq, adamın başının altına yastıq qoyub rəsmi məzuniyyətə göndər və yeni telemövsümün başlanmasına bircə gün qalmış bildir ki, sən sağ, biz salamat, yollarımız aralandı. Səbəb? Səbəb yoxdur. Belə şey olur? Olur, çünki kefim belə istəyir.

Dostlar, bunu yalnız diletant adam edə bilər, professional yox. Hamı bilir ki, bütün kanallar artıq avqustun 15-dən yeni setkanı hazırlayıb, anons çəkirlər. Heç bir kanalın setkasında yarımca saatlıq da boş yer tapmazsan. Bir aparıcıya qarşı belə bivaxt (həm də biinsaf) qərar vermək tək peşə sferasında deyil, sırf insani müstəvidə də diletantlığın bariz nümunəsidir.

Özəl şirkət təbii ki, əməkdaşları ilə sağollaşa bilər. Amma vaxtında. Ötən mövsümün sonunda! Yeni mövsümə bir gün qalmış yox! Çünki... çünki yazılmamış qanunlar da var, cənablar... Baş verən hadisə doğru hərəkət deyil.

Deməyin ki, jurnalist Afaq Vasifqızı rəfiqəsini müdafiə edir. Rövşanə Ağasəfqızı özünü təsdiqləmiş aparıcıdır, 25 illik televiziya təcrübəsinə malik bir peşəkardır və müdafiəyə də ehtiyacı yoxdur. Məni narahat edən ömrümüzü həsr etdiyimiz televiziya sferasında belə qeyri-insani və qeyri-peşəkar qərarlara imza ata bilən kəslərin hökm sahibi olmasıdır.

Rövşanəyə gəlincə, dostum şirkətlərdən birinin rəsmi reklam simasıdır, Azəriqaz İB-nin ictimai əlaqələr şöbəsinin əməkdaşıdır, nəhayət, çox populyar efir adamıdır. "Space" olmayacaq, başqa kanal, başqa radio, başqa platforma olacaq. Rövşanə itməyəcək, batmayacaq. Sadəcə əməkdaşla belə davranmazlar. Belə spontan və səbəbsiz qərar heç bir televiziya rəhbərinə başucalığı gətirməz.

Hər addımın səbəbi və nəticəsi olduğu kimi, vaxtı-vədəsi də olmalıdır. Çörəyi çörəkçiyə vermək lazımdır, qeyri-peşə sahibinə yox. Yaxşı suçu, yaxşı pambıqçı heç vaxt yaxşı çörək bişirə bilməz".

Qeyd edək ki, ötən gün aparıcı Rövşanə Ağasəfqızı "Space səhər"dən getdiyini açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.