Azərbaycan şou-biznesinə Türkiyədən BAXIŞ: - “Tərbiyəsizlik, ədəbsizlik baş alıb gedir”
26-01-2024, 07:14
“Sənəti olmayan özünü sənətkar, məktəb-təhsil görməyən isə özünü peşəkar müğənni hesab edir”.
Bu fikirləri Türkiyədə yaşayan müğənni Bəturə Hüseynova Yenicag.az-a açıqlamasında deyib.
Sənətçi bayağı müğənnilərlə ciddi sənətkarlar arasında fərq qoyulmadığını təəssüflə bildirib:
“Artıq elə bir zaman gəlib ki, sənətkarla sənəti olmayanlar arasında fərq qoyulmur. Tərbiyəsizlik, ədəbsizlik baş alıb gedir. Sənəti olmayan özünü sənətkar, məktəb-təhsil görməyən isə özünü peşəkar müğənni hesab edir. Kimlərinsə sayəsində irəli gedənlər sənət aləmində, efirlərdə meydan sulayır.
Baxırsan, layiq olmayanlar fəxri adlara sahibdirlər, amma əsl sənəti olanlar qalıb qıraqda. Hansı kanalı açırsan, eyni müğənnilər, eyni söhbətlər… Bu kanaldan çıxıb, o biri kanala gedirlər. Günah onları efirə dəvət edənlərdədir. Bütün günü televiziya və radiolarda primitiv musiqiər təbliğ olunur. Bayağı oxuyanlar çıxıb sənətdən başqa hər şeydən danışırlar. Sənət nümayiş etdirən yoxdur.
Musiqidə keyfiyyət göstəricisi çox aşağı düşüb. Sənət yarışması deyil, sanki dedi-qodu, qamaqal yarışmasına qatılıblar. Musiqimizdə baş alıb gedən bu xaosun qarşısı alınmalıdır. Bunun üçün peşəkarlar, əsl sənətkarlar kənara çəkilməməlidir. Göstərməlidirlər ki, əsl sənət necə oulr. Çünki sənətkarlar geri çəkildikcə, meydan elələrinə qalır”.