“Yas məclisindəyik, özümə gələ bilmirəm”- Xalq artistləri xanəndələrin müəmmalı ölümündən danışdılar
3-08-2018, 15:01
“3 gündür ki, özümə gələ bilmirəm”.
Bunu AzNews.az-a açıqlamasında xalq artisti, xanəndə Arif Babayev tələbəsi Miryusif Mirizadənin dəhşətli ölümündən danışarkən deyib. O, hazırda Miryusifin yas mərasiminə getdiyini qeyd edib:
“Miryusif çox yaxşı bir ifaçı idi, yüksək ailə tərbiyəsi vardı. 3-cü kursda oxuyurdu, mənim tələbəm idi. Açığı bu hadisə ilə bağlı heç nə bilmirəm. Çox pis oluram, heyifslənirən. Axı niyə belə oldu? İndi yoldayıq, Miryusifin yasına gedirik”.
Xalq artisti Nəzakət Teymurova da hadisədən təəssüfləndiyini bildirib: “Miryusif çox istedadlı bir tələbə idi. Onun qeyri-adi səsi vardı. Gələcəkdə böyük xanəndə ola bilərdi. Çox heyif ki, belə bir ifaçının ömrü qırıldı. Yəqin ki, hüquq-mühafizə orqanları bu hadisənin üstünü açacaq”.
Xalq artisti Zabit Nəbizadə təkcə muğam sənəti üçün deyil, ümumilikdə Azərbaycan üçün yaxşı hadisə olmadığını vurğulayıb: “Miryusif çox qabiliyyətli və tərbiyəli bir xanəndə idi. Onlar çox yaxın dost olub. Eşidəndə şoka düşdüm. “Muğam” müsabiqəsində bir yerdə iştirak ediblər. Müsabiqə onları daha da birləşdirib. Fotolarından hiss olunur ki, onlar yaxın dost olub. Dostları danışır ki, həmin gecəni Miryusif Novruz gildə qalıb, səhərə yaxın evdən çıxıblar. Görünür aralarında nəsə olub, hər halda ailələri bilməmiş olmaz.
Miryusif məndən dərs almayıb, amma dərslərimdə oturub. Yeri gələndə məsləhətlər də alıb. Bu tək muğam ifaçıları üçün deyil, millətimiz üçün yaxşı hadisə deyil. Böyük bir faciədir, millətə yaraşmır. Şeytanları güclü olub. İki azərbaycanlı bir-birini öldürür".
Qeyd edək ki, Bərdə rayonunda xanəndə Miryusif Mirizadə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirilib. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib.