Rusiya-Türkiyə savaşı: Qorxunc kabus reallaşır – Ordular üz-üzə

5-03-2020, 10:49           
Rusiya-Türkiyə savaşı: Qorxunc kabus reallaşır – Ordular üz-üzə
Fevralın 27-də Suriyanın İdlib əyalətinə vurulan hava zərbəsi nəticəsində 33 türk əsgərinin ölümündən sonra Suriyada türk qoşunlarının ümumi itkiləri bir ayda təxminən 50 nəfərə çatdı. Ehtimal olunur ki, hava zərbəsi Suriyanın hökumət qüvvələri ilə yanaşı, Rusiya təyyarələri tərəfindən vurulub və bu hadisə 2019-cu ildə Soçidə bağlanmış atəşkəs razılaşmasının etibarlı olmadığını, Suriyada Moskva və Ankaranın açıq toqquşmanın baş verə biləcəyi yolla irəlilədiyini təsdiqləyir.

Ancaq Ankara və Moskva arasındakı münasibətlər bu hadisəyə qədər də sadə deyildi. Bu iki ölkə, ehtimal ki, Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqdəki strateji rəqabətlərinə görə toqquşan maraqları ilə bağlıdır. Buna görə İdlibdəki böhranın gələcək inkişafını proqnozlaşdırmaq çətindir.

Bir çox cəhətdən Ərdoğan və Putin təbii müttəfiqdir. Onların hər biri Vaşinqtonun qlobal güc və nüfuzunun müşahidə olunan tənəzzülündən faydalanaraq ölkəsinin qlobal rolunu təmin etməyə çalışır.

Ərdoğan və Putin praqmatikdir, Yaxın Şərqdəki hədəflərinə çatmaq üçün fürsətləri qiymətləndirən və istifadə edən siyasi realistlərdir. Bundan əlavə, ikisinin də Qərbə simpatiyası yoxdur. Putinlə Ərdoğan arasındakı münasibətlərin ən simvolik anı Ankaranın Rusiyadan “S-400” zenit-raket sistemləri satın alması qərarı oldu.

Beləliklə, o, əslində Vaşinqton və NATO müttəfiqləri ilə münasibətlərini Moskva ilə daha da yaxınlaşmanın lehinə qurban verdi. Lakin Suriyadakı Rusiya-Türkiyə qarşıdurması, Moskva və Ankara arasındakı əməkdaşlığın sərhədlərini müyyən edir. Yəni onların müvafiq geosiyasi hədəfləri bu münasibətlərin ahənginə uyğun gəlmir, mövcud gərginlik də bu səbəbdən rus-türk ittifaqının gələcəyinin olmadığının təsdiqi kimi qəbul edilir.

Ankara Dəməşqdə Moskvanın müttəfiqi Bəşər Əsəd rejimini devirmək üçün səylərini davam etdirir və eyni zamanda Türkiyə sərhədlərini kürd terror təşkilatlarından qorumaq üçün Suriyanın şimalındakı Azad Suriya Ordusunu dəstəkləmək üçün üzərinə öhdəlik götürüb.

Türkiyənin son hadisələrin işığında bu məqsədlə bölgəyə əlavə 15 min canlı hərbi qüvvə göndərdiyi bildirilir. Bu, Türkiyənin Əsəd və müttəfiqi Rusiyadan istədiyini almadan geri çəkilməyəcəyinin açıq nümayişidir.

Moskva da 2011-ci ildən başlayan vətəndaş müharibəsi əsnasında müttəfiqi Əsəd rejimini dəstəkləmək üçün Suriyaya əhəmiyyətli sayda hərbi qüvvə göndərdi. 2015-2018-ci illər ərzində 63 mindən çox Rusiya əsgəri Suriya müharibəsindən keçdi və Moskva münaqişə zamanı 116 rus əsgərinin öldürüldüyünü təsdiqlədi. Bundan başqa, Suriyada Moskvaya bağlı “Vaqner” qrupunun 100 rus muzdlusu da öldürüldü.

Yəni həm Ərdoğan, həm də Putin Suriyadakı vətəndaş müharibəsində müsbət nəticə əldə etmək üçün çox səy və güc sərf edir və buna görə də heç biri digərinin qarşısında zəif görünmək istəmir. Şəxsi nüfuz ambisiyası da birinə digərinin qarşısından geri çəkilmək şansı vermir.

Ərdoğan öz iradəsini nümayiş etdirmək üçün çox şey etdi və İdlibdəki məğlubiyyət onun qürur və şəxsi nüfuzunu - istər ölkəsində, istərsə də xaricdə zərbə altında qoya bilər. Putin də proseslərə eyni çərçivədən baxır. Rusiya lideri üçün Suriya Vaşinqtonu bölgədən qovmaq və Yaxın Şərqdəki münaqişələrdə əsas vasitəçi olmaq planının mərkəzində durur. Əsədin İdlib üzərində nəzarəti bərpa etməsinə kömək edə bilməsə, bu, Rusiyanın bölgədəki etibarını ciddi şəkildə sarsıda bilər.

Fevralın 27-dək Ərdoğan Almaniya və Fransanın Rusiya ilə danışıqlar aparmaq təklifini qəbul edərək İdlibdəki gərginliyi azaltmağa hazır idi. Ancaq ötən həftəki hadisələrdən sonra həm Ərdoğan, həm də Putinin daha sərt mövqe tutduğu görünür. Məlumata görə, Putin Ərdoğanla telefon danışığı zamanı Ankaradan Almaniya və Fransanın proseslərə qarışmamasını istəyib. Bu formatın baş tutmamasından və İdlibdə türk qüvvələrinə məlum hücumdan sonra Ankara bölgədə Suriya hökumət qüvvələrinə qarşı “Bahar Qalxanı” əməliyyatına “yaşıl işıq” yandırdı.

Putin indiki məqamda – danışıqların yenidən bərpa edildiyi bir vaxtda Ankaranın Vaşinqtonla barışmaq istəyinə göz yummaq fikrində deyil. Rusiya lideri Ankara ilə münasibətlərdə güc tarazlığını qorumaq niyyətindədir. Əslində İstanbulda Almaniya və Fransanın vasitəçiliyi ilə əvvəlcədən planlaşdırılan danışıqların əvəzinə, Moskvada Putin və Ərdoğan arasında görüşün keçiriləcəyi və danışıqlar üçün yeni məkanın seçilməsi onlar arasındakı güc balansının qorunmasını simvolizə edir.

Mövcud böhranın şözümündə həlledici amil, tərəflərin Moskva-Ankara münasibətlərini müəyyənləşdirən və İdlib məsələsi üzərində toqquşan strateji prioritetləri uzlaşdırmaq cəhdi olacaq. Ancaq son hadisələri, maraqları uzlaşdırmamağın açıq qarşıdurma kimi əlavə risklər daşıdığını nəzərə alsaq, tərəflər bir kompromis sazişi üçün bütün mümkün vasitələrə əl ata bilər. Böyük ehtimalla həm Ərdoğan, həm də Putin bu riskləri nəzərdən keçirəcək, Suriyadakı hədəflərinin əhəmiyyətini qiymətləndirməklə daha vacib olanı seçəcək – ya bu bu hədəflərin, ya da iki ölkə arasındakı normal əlaqələrin genişləndirilməsinə qərar verəcəklər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.