ƏRDOĞAN GÜC BALANSINI DƏYİŞİR:Türkiyənin Liviya strategiyası özünü doğrultdu - TƏHLİL

21-04-2020, 00:04           
ƏRDOĞAN GÜC BALANSINI DƏYİŞİR:Türkiyənin Liviya strategiyası özünü doğrultdu - TƏHLİL
Bülənt Ərəndaç

“Takvim”, Türkiyə, 20 aprel 2020-ci il



Dünya sarsıldığı, insanlığını itirmiş güclərin can hayında olduğu, ədalətsiz dünyanın təməllərinin yıxıldığı bir vaxtda, III Dünya Müharibəsindən uğurla çıxma prosesini yaşayırıq. Artıq köhnə dünya yoxdur. Yeni dünya qurulur. Türkiyəmiz də bu dünyanın təsis xüsusiyyətlərini ortaya qoyur. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyindəki böyük qatar “III Dünya Müharibəsi – Pandemiya tuneli”ndən çıxır. İşıq görünür.

“Böyük Türkiyə” gəmisi azğın dənizləri aşır. Böyük limanlara girməyə hazırlaşır. Ərdoğanın səsləndirdiyi, artıq tarixə keçmiş olan “2023-2053-2071 hədəfi” bir şüar deyil, paroldur. Böyük Türkiyənin paroludur.

Yaxşı, bəs Türkiyəni azğın dalğalardan sağ-salamat keçirən Prezident Ərdoğan hansı işləri görür? Prezident Ərdoğanın türk dövlət ağılının gələcəyi yaxşı oxuyaraq yürütdüyü Liviya strategiyasını, 26 noyabr 2019-cu ildə Sərrac hökumətilə imzalanmış Təhlükəsizlik memorandumunu əməli həyata keçirməsi müdhiş oldu.

Türk SİHA-ları (Silahlı PUA-lar – tərc.) Liviyadakı vətəndaş müharibəsinin gedişini dəyişdi, təşəbbüsü Həftərin əlindən aldı. Trablus yaxınlığında açıq dənizdə olan türk donanması havada və quruda apardığı əməliyyatı uğurla yürüdür.

BMT-nin çağırışı ilə 22 martda “humanitar atəşkəs” elan edilməsinə rəğmən, Fransa, Rusiya, Misir və BƏƏ-nin oyuncağı olan Həftər, Trablusu ələ keçirmək üçün oyunu sürətləndirmişdi. Satqın Həftər, mart və aprel ayında hətta Trablusdakı xəstəxanaları, dərman depolarını və tibb işçilərini hədəf almışdı. Yalnız aprel ayında o, 61 səhiyyə müəssisəsinə zərər vurdu.

Həftərə anlayacağı dildə dərs verilməsinin vaxtı artıq çatmışdı. Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin hazırladığı çox ağıllı savaş planları ilə hərəkət edən Milli Razılıq Hökumətinin (MRH) silahlı gücləri 25 martda başlatdığı “Barış fırtınası” adlı əks-hücum əməliyyatı ilə aprel ayında Həftərin hücumlarını durdurdu. Həftərin Sirtədəki əməliyyat qərargahı vuruldu, general-mayor Salim Diryak və komandası neytrallaşdırıldı.

Prezident Tayyib Ərdoğanın çox ağıllı manevrləri Liviya müharibə cəbhəsindəki güc balansında önəmli dəyişikliklərə səhnə oldu. 16 aprel 2020-ci ildə Tunis Prezidenti Said açıqlama verdi ki, “Biz Liviyada legitim hökumətin tərəfindəyik”.

Said BMT nəzdində təmsilçisi olan Liviya Milli Razılıq Hökumətinin Baş naziri Fayiz əs-Sərracla keçirdiyi telefon danışığında Tunisin Liviya məsələsində “hüquqi legitimlikdən” yana olduğunu və bunun əksini ifadə edən heç bir bəyanatın reallığı əks etdirmədiyini bildirdi.

17 aprel 2020-ci ildə isə İngiltərənin Orta Şərq üzrə dövlət naziri Ceyms Kleverli, ölkəsinin BMT nəzdində legitim olan Liviya Milli Razılıq Hökumətinin, yəni, Fayiz əs-Sərrac hökumətinin yanında olduğunu bildirdi.

İngiltərənin bu açıqlamanı Türkiyə Silahlı Qüvvələrinin öz manevrləriylə dəstəklədiyi Liviya MRH güclərinin 13 apreldə keçirdiyi “Barış fırtınası” əməliyyatı çərçivəsində, təqribən, 3000 km2 ərazini Həftərin milislərindən təmizləyərək, böyük bir uğura imza atmasından və ölkənin qərbindəki sahil zolağı boyu nəzarəti ələ almasından sonra verməsini anlamaq yetərlidir.

Yeri gəlmişkən, Orta Şərqin kodlarını anladan çox yaxşı bir tarixi lətifə vardır: “Orta Şərqdə önəmli bir yeməyə dəvət olunanlar siyahısında adınız yoxdursa, bir də menyüyə baxın. Adınız orada ola bilər”.

Türkiyə həm meydanda, həm də masadadır. Bütün məsələnin mahiyyəti “olmaq və ya olmamaq”dır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.