Devlet Bahçeli MHP nəyin məşqini etdi?

19-05-2020, 19:11           
Devlet Bahçeli MHP nəyin məşqini etdi?
Türkiyə siyasətini kənar-bucağından izləyənlər də bilir ki, 23 illik sədr Dövlət Bahçəlinin icazəsi olmadan MHP-də nəinki rəsmi, heç qeyri-rəsmi açıqlama da vermək mümkün deyil.

SSRİ-nin raykom katibləriylə danışmaq necə idisə, cənab Bahçəli eyni şeyi baş qərargahda tətbiq edir: müavinləri onunla telefonda danışarkən ayaq üstündə durmalıdırlar.

Mənzərə bu ikən Bahçəlinin ən sadiq adamı Semih Yalçının bir neçə əvvəl Tvitter hesabından paylaşdığı “Üç hilalın (MHP bayrağını nəzərdə tutur) təkbaşına iqtidarı artıq məcburiyyətdir, ehtiyacdır və gələcəyin lider ölkəsi idealının reallaşması buna bağlıdır” sözlərindən Dövlət bəy xəbərsiz ola bilərdimi? Siyasətin gündəmini bir anda alt-üst edən bu açıqlama “MHP iqtidar partiyasından dəstəyini çəkirmi?” sualını özüylə gətirib gəldi.

Qısa müddətdə bu açıqlamanın 2011-ci ilə aid olduğu ortaya çıxmaqla qalmadı, Dövlət Bahçəli də Semih Yalçın da iqtidar partiyası ilə yaradılan “Cümhur ittifaqı”nın davam etdiyini açıqladılar.

Hər halda siyasət tarixində 9 il əvvəl verilmiş bir açıqlamanı olduğu kimi təkrarlama faktına rast gəlinməz. MHP kimi hərbi nizam-intizam partiyasının və təbii ki, Dövlət Bahçəli kimi hərbi diktator jarqonu və üslubuyla partiyasını idarə edən liderin adından atılan bu tvitin təsadüf olduğuna Türkiyə siyasətinin naturasına bu və ya digər dərəcədə bələd olan heç kim inanmadı. Bunu həm də Bahçəlinin siyasətçi naturası bizə öyrədir: 2002-ci ildə içində olduğu koalisiyanı bir açıqlama ilə seçkiyə aparıb siyasətin altını üstünə gətirən, öz partiyasını da parlamentdən kənarda qoyan Dövlət Bahçəlinin 3,5 ildən bəri kənardan dəstək verdiyi AKP-ni dəfələrlə təhdid etməsi də unutmamamız lazım olan faktdır.

Elə bu faktı nəzərdən qaçırmadığımıza görə MHP lideri adından atılan “Üç hilalın təkbaşına iqtidarı artıq məcburiyyətdir, ehtiyacdır” tvitinin semantikasıyla bağlı suallar beynimizi qurcalayır. O suallara keçməzdən əvvəl cənab Bahçəlinin adından atılan və 2011-ci ilə aid sözlərin bu günlə birbaşa bağlı olduğuna inandığımı bildirirəm. Suallar isə bundan ibarətdir?

Prezident Ərdoğan MHP lideri Bahçəlinin qeydsiz-şərtsiz dəstəyinin AKP-nin içini “gəmirdiyini” gördü, bunun qabağını ala bilmədi, bu siyasətin davam etdirilməsinin mənasız olduğuna inandımı? Ərdoğanın gördüyünü Bahçəli də görərək ona 2011-ci ilin tvitiylə xəbərdarlıq etdimi: yəni, “məndən vaz keçsən”, mən də dəstəyimi çəkib seçki tələb edəcəyəm.
Gizli mənbələrdən məlumat almasıyla məşhur olan Dövlət Bahçəli prezident Ərdoğanın başqa siyasi partiyalardan dəstək axtarışına girdiyini xəbər alaraq 2011-ci ilin tvitiylə xəbərdalıq etməyi uyğun gördümü?
AKP lideri Ərdoğan kürd təmayüllü partiya ilə yenidən gizli şəkildə əlaqə yaradılması üçün təlimat verdimi, MHP lideri Bahçəli yeni və daha böyük bir oyundan kənarda qala biləcəyini hiss edərək 2011-ci ilin tvitini arxivdən çıxarmağı uyğun gördümü?
İqtidar partiyası ilə yollarını ayıran keçmiş baş nazir Davudoğlu və baş nazirin keçmiş müavini Əli Babacanın prezident Ərdoğan ilə gizli danışıqları oldumu? Oldusa, Dövlət Bahçəli bundan xəbər tutaraq 9 il əvvəlin tvitini yenidən salvo halına gətirəndən sonra “görürəm” demək istədimi?
Yoxsa MHP-yə səs verən kütlə AKP-dən dəstəyi çəkməyin vaxtının gəldiyini Dövlət Bahçəliyə qəti şəkildə bildirdiyi üçün köhnə tviti yenidən atması üçün Semih Yalçına təlimat verildi?
Uzun müddət iqtidarda qalan siyasi partiyadan ayrılmalar qaçılmazdır. Demokratik sistemdə bir siyasi qurumun iqtidara dəstəyindən söhbət gedə bilməz. Çünki hər partiya öz siyasi fəlsəfəsinə cavabdehdir, proqramını o fəlsəfə əsasında hazırlayır, iqtidara ona görə can atır ki, o proqramı həyata keçirsin. Çox vaxt öz partiyasının prinsiplərini tapdayaraq iqtidara verdiyi qeyri-məhdud dəstək Dövlət Bahçəlini Türkiyə siyasətinin unikal adamı halına gətirdi, məhz o qeyri-məhdud dəstəyə görə Türkiyə demokratik dəyərlərdən uzaqlaşdı.

Fəzail Ağamalıdan Asim Mollzadəyə, Xanhüseyn Kazımlıdan Tahir Kərimliyə qədərki tablo isə iqtidara qeydsiz-şərtsiz dəstəyin dünya miqyasında klassikasını yaratdı...

Mayis Əlizadə
Turan












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.