Admiral Cihat Yaycının istefası: ANKARA AVRASİYAÇI HƏRBÇİLƏRİ ÖZÜNDƏN UZAQLAŞDIRIR

21-05-2020, 09:42           
Admiral Cihat Yaycının istefası:
Mətin Gürcan

“Əl-Monitor”, 20.05.2020



Türkiyənin mübahisəli Liviya siyasətinin memarı kimi tanınan admiralın təəccüblü istefası hökumətyönlü və müxalifət dairələri üçün əsl sarsıntı olub. Bir çoxlarında bu, prezident Rəcəb Tayyib Ərdoğanın türk ordusundakı nüfuzlu anti-Qərb çevrəni özündən uzaqlaşdırması şübhəsi doğurub.

Mülki hökumətlə hərbi qüvvələri arasındakı münasibətlər Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyi altında bir neçə dönüşə şahid olub. Sonuncu – məşhur donanma admiralının prezident fərmanı ilə daha aşağı vəzifəyə endirildiyi zaman baş verib.

Türkiyə Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Cihat Yaycı prezident sərəncamı ilə Ali Hərbi Şuradakı vəzifəsindən azad edilən ilk yüksək rütbəli hərbçidir. Buna cavab olaraq admiral mayın 18-də istefa məktubu yazıb.

Sərəncam bir çox, xüsusən Türkiyənin nüfuzlu anti-Qərb və Avrasiyaçı cinahlarında kəskin tənqidlə qarşılaşıb, bəziləri isə Yaycının istefasının yalnız Türkiyənin xarici və daxili düşmənlərini sevindirəcəyini iddia edib. Hətta hökumətyönlü mediada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qərarı ləğv etməyə çağırış səslənib.

Yaycı, söhbət Türkiyənin geostrateji yönümündən getdikdə, həmişə nüfuzlu hərbi analitik adlandırılıb. Türkiyənin getdikcə artan nüfuzlu anti-Qərb düşərgəsində populyar bir şəxs olaraq, o, Liviya, Aralıq dənizinin şərqi və Egey dənizindəki iddialı türk gündəminin memarı kimi də tanınır. Noyabr ayında Liviyanın iki əsas müharibə edən tərəflərindən biri olan Milli Birlik Hökuməti ilə əldə edilən mübahisəli demarkasiya sazişinin arxasında o durur. Yaycı doktorantura illərindən bəri belə bir müqaviləni müdafiə edir. Ərdoğan şəxsən Yaycının razılaşmadakı rolunu yüksək qiymətləndirib.

Cihat Yaycı uzun müddət “Mavi Vətən” anlayışının vokal tərəfdarı, Türkiyənin Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizindəki sərhədlərini aqressiv şəkildə qorumağı təklif edir.

Admiral Ankara hökumətinə qarşı 2016-cı ildə həyata keçirilmiş çevriliş cəhdində günahlandırılan Gülənçi şəbəkə ilə mübarizədə xüsusi yer tutub. Hərbi Dəniz Qərargahlarında güman edilən Gülənçilərə işarə edən alqoritm onun “ticarət nişanı” idi.

Amma Yaycının süqutu tamamilə gözlənilməz deyildi. Türkiyənin müdafiə naziri Hulusi Akarın Yaycının yüksələn profilindən narazılığı, dəvət olunsa da, admiralın prezident sarayındakı görüşə maneçiliyi məlumdur.

Hələ bu ilin yanvar ayında “əl-Monitor”da yazdığım kimi, bu hadisə Türkiyədəki mülki-hərbi münasibətlərdəki institusional əlaqələrin nümayişi idi.

Yaycının vəzifəcə kiçildilməsi və istefası Ərdoğanla Akar arasındakı şəxsi əlaqələrin hələ də möhkəm qaldığını göstərib. Akar və Baş Qərargah rəisi Yaşar Gülərin Yaycının artan ictimai profilindən əsəbiləşməsi son iki ildə sirr deyil.

Beləliklə, mənim təxminim Yaycının avqust ayında keçiriləcək Ali Hərbi Şuranın iclasında təqaüdə göndəriləcəyi idi. Onun Şuranın iclasından əvvəl istefası hərbi şəxslərdə səbrin yoxluğunu, Türkiyənin müdafiə və təhlükəsizlik sektorundakı münasibətlərin mürəkkəb xarakterini vurğulayır.

Ənənəvi olaraq Türkiyə hərbi qüvvələri “ulduz” generalları və ya admiralları sevmir. Həqiqətən də, son illərdə iki yüksək rütbəli general oxşar aqibətə düçar olub. Xüsusi təyinatlı qüvvələrin keçmiş komandiri general-mayor Zekai Aksakallı 2016-cı il çevriliş cəhdi zamanı oynadığı rola görə geniş tanınıb və 2016-cı ildə Suriyada hərbi əməliyyatın komandiri vəzifəsindən azad edilib. Eynilə, general Metin Temel – Türkiyənin Suriyanın şimalındakı “Zeytun Budağı” əməliyyatı komandanı vəzifəcə kiçildilib, yəni populyarlığının qarşılığını verib.

Bununla birlikdə, hər iki general yeni vəzifələrini qəbul və orduda xidmətlərini davam etdiriblər, Yaycı isə istefa verərək kiçildilməzsinin “qəbuledilməz olduğunu” bildirib.

İnstitusional quruluşdakı münasibətlərdən başqa, istefa türk ordusunun sıralarında genişlənən daxili nüfuz və güc mübarizələrini də göstərir. Akar, Gülər və quru qoşunları komandanı general Ümit Dündar nisbi ahəngdarlıqla çalışsalar da, donanma admiralları ənənəvi olaraq daha açıq və sərt fikirli olublar. Dəniz qüvvələri komandiri admiral Adnan Özbalın Akar və Yaycı arasındakı “sürtünmə”ni idarə edə bilməməsi gərginliyin başqa bir səbəbi ola bilər.

Ərdoğan, bir neçə dəfə fəaliyyətini tərifləsə və bəzi hökumətyönlü şəxslərin Müdafiə Nazirliyindəki istefanı ləğv etməyə çağırışı eşitsə də, Yaycının istefası barədə susub. Ərdoğanın hərəkətsizliyi, Rusiyadan asılılığının artması və COVID-19-in iqtisadiyyata vurduğu ziyana görə Türkiyənin Qərb tərəfdaşlarının dəstəyinə ehtiyac duyduğu bir zamanda, özünü anti-Qərb cəbhəsindən uzaqlaşdırmaq ehtiyacının olduğunu göstərir.

Türkiyə, xüsusən də iki aktyorun rəqib tərəfləri dəstəklədiyi Suriya və Liviya müharibələrində Rusiyaya müqavimət göstərməlidir. Bundan əlavə, Ankara ABŞ-ın və Avropanın bir neçə paytaxtı ilə baş verən “qəza”nın Türkiyə iqtisadiyyatına təsirini azaltmaq üçün danışıqlar aparır.

Tərcümə: Strateq.az

WhatsAppFacebookFacebook MessengerTwitterРесурс












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.