İranı küncə sıxan Güney faktoru: “Rejim əvvəlki kimi işğalçıya yardım edə bilməyəcək”

30-08-2020, 11:16           
İranı küncə sıxan Güney faktoru:
Azərbaycan təcavüzkar Ermənistanın işğalı ilə üz-üzədir.

Ermənistan 30 ilə yaxındır Rusiyanın silahlı birləşmələrinin yardımı ilə ələ keçirdiyi Azərbaycan torpaqlarını işğal altında saxlayır. İran İslam Respublikası da son 30 ildə işğalçı dövlətlə sıx iqtisadi münasibətlər qurub, yardımlar göstərib. Maraqlıdır ki, qonşu dövlətlərdən yalnız qardaş Türkiyə Azərbaycanın haqq davasını müdafiə edib.

“Keşikçidağ” məbədi ilə bağlı yaranmış vəziyyət Gürcüstanın da istənilən vaxt bizə arxa çevirməyə hazır olduğunu göstərdi. Lakin bir neçə günlük iyul müharibəsi İranla bağlı fərqli situasiyanı üzə çıxardı.

Güney Azərbaycanın iri şəhərlərində Azərbaycan Respublikasına dəstək aksiyaları keçirildi. Güney Azərbaycan artıq Azərbaycan Respublikası üçün dayaq faktoruna çevrilir.

“Bu, milli birliyimizin bariz nümunəsi idi”

Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında bildirib ki, iyul müharibəsi zamanı Güney Azərbaycan türklərinin, o cümlədən bütün İran türklərinin ayağa qalxaraq Azərbaycana dəstək askiyaları keçirməsi bütün hallarda birliyimizin bariz nümunəsi idi:

“Bu o deməkdir ki, indiyə qədər səslənən, üç tərəfdən (İran, Ermənistan, Rusiya Federasiyası) düşmənlə əhatələnmişik düşüncəsi müəyyən qədər öz əhəmiyyətini itirir. Çünki İran adlanan ölkənin rəhbərliyi artıq təxminən 30 il öncə olduğu kimi Ermənistana yardım edə bilməyəcək. Hər halda, yalnız Güney Azərbaycan türklərinin deyil, bütövlükdə İran türklərinin bu müharibə məsələsində Azərbaycana dəstəkləməsi düşmənin birinin tamamilə olmasa da, xeyli dərəcədə zərərsizləşdirilməsi deməkdir. Biz iyul müharibəsinə qədər də İran- Ermənistan yaxınlaşmasına ciddi etirazların şahidi olduq. Xüsusilə də, Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı soydaşlarımız ona etiraz etdilər. Digər tərəfdən Güney Azərbaycanın, bütövlükdə İran türklərinin futbol klubu Traktorun oyunları zamanı Ermənistanla dostluq edən molla rejiminə etirazlar da bizə məlumdur”.

“Tehran bunu görməzdən gələ bilməz”

Fəlsəfə doktoru hesab edir ki, iyul döyüşlərindən sonra Güney Azərbaycan türklərinin yenidən Qüzey Azərbaycana dəstək aksiyaları keçirmələri, əvvəlki aksiyaların, birliyin davamı idi:

“Güney Azərbaycan türkləri, bütövlükdə İran türkləri rəsmi Tehranı bir daha Ermənistana münasibətdə öz mövqeyinə yenidən baxmasını tələb edir. Həm eyni etnik mənşə, həm də dini birlik quzeyli-güneyli Azərbaycan türklərinin vahid mövqedən çıxış etməsini tələb edir. Ancaq molla rejimi üçün isə bu qətiyyən qəbuledilməzdir. Çünki molla rejimi Quzey Azərbaycanın Ermənistan üzərində qələbəsini, yəni Qarabağın və 7 rayonumuzun işğaldan azad olunmasını rəsmi İrəvan qədər özlərinin də məğlubiyyəti kimi dərk edir, buna əngəl olurlar. Ancaq bütün hallarda Güney Azərbaycan türklərinin Milli Oyanış Hərəkatının güclənməsi və Quzey Azərbaycana olan dəstəyinin artmasını da rəsmi Tehran görməzdən gələ bilməz”.

“Təbriz inqilabi ruhunu bərpa etməlidir”

F.Ələkbərlinin fikrincə, Güney Azərbaycan o zaman Azərbaycan Respublikası üçün dayaq faktoruna çevriləcək ki, Milli Oyanış Hərəkatı artıq qeyri leqallıqdan çıxıb özünü aşkar surətdə ortaya qoyacaq:

“Bunun baş verməsi üçün də, Təbriz artıq 20-ci əsrdəki inqilabi ruhunu bərpa etməli və Tehran türklərini də öz arxasınca aparmağı bacarmalıdır. Mənə elə gəlir ki, molla rejimi ilə yumşaq şəkildə mübarizə aparmaq heç bir nəticə verilməyəcək. Artıq bunu bütün sadə İran türkləri, xüsusilə Güney Azərbaycan türkləri yaxşı anlayırlar. Sadəcə, onlar bir təşkilatın, bir liderin önə çıxmasını gözləyirlər. Güney Azərbaycan türklüyünün də, İran türklüyünün də tək çıxış yolu milli bir təşkilatda birləşib mövcud Tehran rejimini qarşısında dayana bilməkdir. Yəni ilk addım olaraq, milli bir təşkilat kimi ortaya çıxmaq, ən azından Azərbaycan Demokrat Firqəsini yeni bir proqramla xalqın birlik yerinə çevirməkdir. Məncə, yalnız bu halda Güney Azərbaycan türkləri Quzey Azərbaycan respublikasının da gerçək dayaq nöqtəsi olacaq”.

“Milli Hərəkat yetərincə güclənib”

BAO təmsilçisinin fikrincə, Güney Azərbaycanda milli şüurun oyanışı prosesi yetərincə irəliləyib: “Güney Azərbaycan Milli Hərəkat, milli düşüncənin yayılması prosesi artıq yetərincədir. İndi əsas məsələ onu necə real gücə çevirib, 74-75 il bundan öncə olduğu kimi Tehrana öz yerini göstərməsi qalır. Hətta, deyərdim ki, Milli Oyanış Hərəkatı öz təşkilati işlərini yeni bir mərhələyə daxil etməyi bacararsa, bunu etmək iqtidarındadırda, o zaman Tehranın özünü də ciddi şəkildə silkələyə bilər. Bunun üçün Təbriz-Azərbaycan mərkəzli türk düşüncə sistemi daha konstruktiv siyasət yürütməklə çox şeylərə nail ola bilər. Mənə elə gəlir ki, farslarla, ərəblərlə və digər xalqlarla qaynayıb qarışmış türklər də Milli Oyanış hərəkatına dəstək verəcək. Beləliklə, türklərin az və ya çox yaşamasından asılı olmayaraq bütün şəhərlərdə rəsmi Tehrana qarşı ciddi mübarizə aparmaq mümkün olacaq. Ona görə də, indiki mərhələdə milli düşüncə proseslərini yekunlaşdırıb, artıq bütün bölgələrdə təşkilatlanmanı gücləndirmək lazımdır. İranı yerindən tərpədə biləcək tək çarə onu öz içindən vurmaq olmalıdır”.

Aydın
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.