“Toy sahibləri çoxlu qonaq çağırır, koronavirusu yayır. Terrorçulardan betərdir...”

9-09-2020, 00:03           
“Toy sahibləri çoxlu qonaq çağırır, koronavirusu yayır. Terrorçulardan betərdir...”
Özbəkistanın Xorəzm vilayətinin başçısı Fərhod Ermanov bu vilayətdə koronavirusun sürətlə yayılmasına görə toy sahiblərini və banket zallarını günahlandırıb. Virtualaz.org xəbər verir ki, Ermanovun sentyabrın 7-də keçirdiyi selektor müşavirəsi zamanı dediklərinin səs yazısı internetdə yayılıb.

“Azadlıq” radiosunun özbək xidmətinin əldə etdiyi səs yazısına əsasən vilayət başçısı Baqat rayonunda əhalinin yarıdan çoxunun virusa yoluxduğunu deyir. Onun sözlərinə görə, rayon əhalisinin 60 faizində koronavirus aşkar olunub. “Əgər analizlərin nəticələrinə nəzər salsaq görə bilərik ki, hər məhəllədə sakinlərin 50-60 faizi yoluxub. Əvvəlcə bu adamlar bir-birini yoluxdurur, sonra virus qonşu rayonlara yayılır. Nəyə görə məmurlar situasiyaya nəzarət etmir, daxili işlər orqanları hara baxır?”,-hiddətlənmiş başçı bildirir.



Daha sonra Ermanov vilayətin daxili işlər idarəsinin rəisi Davron Nəzərməhəmmədova müraciət edərək koronavirusa yoluxma hallarının artmasının səbəbləri barədə izahat tələb edir. Və Baqat rayonunda koronavirusun sürətlə yayıldığı beş məhəllənin sədrlərinin cinayət məsuliyyətinə cəlb edilməsini tapşırır. Başçı deyir ki, həmin məhəllələrdə vəziyyət nəzarətdən çıxıb, test nümunələri götürülənlərin yarıdan çoxunun nəticəsi müsbətdir.

Yermanov Baqat rayonunda yoluxanların sayının sürətlə artmasının günahını toy mərasimlərində gördüyünü deyir. “Toyları şübhəsiz ki, keçirmək lazımdır, amma adam bir mərasimə görə öz-özünə zərər vurmalı deyil! Toy sahibləri böyük sayda qonaq çağırır və onları virusa yoluxdur. Belə qənaət yaranır ki, onlar bilərəkdən cəmiyyətə zərər vurur. Belə adamlar terrorçulardan betərdir! Əgər terrorçu partlayış törədirsə nəticədə 3-4 adam ölür. Toy sahibləri isə mərasimə 100 adam çağırır və onların hamısını təhlükəli virusa yoluxdurur. Məhəllə sədrləri və sahə müvəkkilləri isə susurlar. Bu, onların terrorçu sistemi dəstəkləməsinə bərabərdir. Doğrudanmı bu qədər laqeyd olmaq mümkündür? Belə məhəllə sədrlərini və sahə müvəkkillərini işdən azad etmək lazımdır!”,-vilayət başçısı hiddətlə deyir.



Lakin Baqat rayonunun məhəllərindən birinin rəhbəri deyir ki, Ermanovun dedikləri ilə razı deyil. “İcra hakimi hər gün saat 8-də koronavirusla bağlı müşavirə keçirir və 30 adamın iştirakı ilə toy edənləri terrorçu adlandırır. Onun özü isə hər gün müşavirə keçirir və rayon administrasiyasının akt zalına 200 adam yığır. Onda belə icra hakiminin özünü necə adlandırmaq olar?”,-məhəllə sədri deyib.

Avqustun 15-dən Özbəkistan karantin rejimini tədricən yumşaltmağa başlayıb. O cümlədən toy mərasimlərinin 30-dan çox adamın iştirakına yol verilməməklə keçirilməsinə icazə verilib. Üstəlik toy mərasimini ancaq evdə və ya həyətdə keçirmək olar.

Virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.