Türkiyə iqtisadiyyatının ağır durumu haqqında- Fitchinin və S&P qlobal reytinq təşkilatının arxasınca Moody də Türkiyənin kredit reytinqini kəskin olaraq aşağı düşürdü

14-09-2020, 05:57           
Türkiyə iqtisadiyyatının ağır durumu haqqında-
Fitchinin və S&P qlobal reytinq təşkilatının arxasınca Moody də Türkiyənin kredit reytinqini kəskin olaraq aşağı düşürdü. Ölkənin kredit reytinqinin aşağı salınmasında 3 əsas faktorun rol oynadığı bildirilmişdir. Bunlara geopolitik risklər, tədiyyə balansının ağır durumu, dövlət borclarının fantastik ödəmə növbəliliyi, iqtyisadiyyatın sürətlə düşməsi və s kimi amillər göstərilmişdir. Mən hesab edirəm bu digər amillər hamısı ölkə prezidentinin düşünülməmiş xarici siyasəti ilə əlaqədardır. 2002-ci ildən etibarən 2012-ci ilə qədər Türkiyə sürətli inkişafa istiqamətlənmiş və xarici investisiyalar ölkəyə açılmışdır. Bu dövrdən sonra sanki bütün tədbirlər ölkəyə valyuta daxil olmasına qarşı yönəlmişdir, həm də əsas valyuta mənbəyi olan ixracatın məhdudlaşdırılması məqsəd kimi qarşıya qoyulmuşdur. AKP hakimiyyətə gələrkən ölkənin valyuta rezervləri 27,5 milyard dollar təşkil etmişdir, amma dövlətin xarici borcları da cəmi 113, 7 milyard dollar olmuşdur. Saldo 86,2 milyard dollar olmuşdur. Bu gün valyuta rezervləri (82,0 milyard dollar) ilə xarici dövlət borclarının (431 milyard dollar) saldosu 350 milyard dollar təşkil edir. Əldə olunan nailiyyətlər əsasən xarici borcların artırılması hesabına əldə olunmuşdur. Borcu qaytarmaq lazımdır.
Xarici borcların əsas hissəsi ödəmə vaxtı çatmış borclardır. 2020-ci ildə ölkənin 170 milyard dollar xarici borc ödəməsi var. İxracat isə bu ilin 8 ayı ərzində cəmi 94 milyard dolları keçməyəcək, il ərzində isə 140 milyard milyard dollara çata bilər. Belə olan halda dünyada 80% pulların sərəncamçısı olan Qərb dünyasına Türkiyə prezidentinin meydan oxuması, böyük məbləğdə valyuta gətirən (həm turizm xidməti və həm də investisiya kanalı kimi) Aya-Sofiya camisi haqqında Atatürkün qərarının gobud formada ləğv olunması, bir neçə xarici və daxili investorların əmlaklarının yağmalanması, sahiblərinin həbs edilməsi (Türkiyəyə milyardlarla investisiya gətirən Azərbaycan əsilli M. Mənsimov hələ də həbsxanada çürüdülür) bütün xarici maliyyə kanallarının bağlanmasına gətirib çıxarmışdır.
Bu türk müsəlmanlarına nə fərqi var idi ki, namazı ya Aya sofiyada qılsın, ya Sultan Eyyubda, Ölkənin vacib iqtisadi maraqlarını bir qrup mollanın emosiyalarına qurban vermək nə dərəcədə səmərəli yol ola bilər?
Mənə elə gəlir ki, qardaş ölkənin maliyyəçiləri ölkənin maliyyə vəziyyətinin nə qədər təhlükəli vəziyyətə gəldiyini hələ anlaya bilməmişdilər. 140 milyard dollar ixracatla necə 200 milyard dollar idxalı ödəyib, əlavə illik 170 milyard da xarici borc ödəməsinin altından çıxacaqlar? Beynəlxalq təşkilatlar da bu qədər kredit imkanlarından məhrumdur. Keçən rüb isə ümumi daxili məhsulun həcmi 31% azalmışdır.
Əslində pandemiya dövrü Türkiyənin xeyrinə işləməli idi, çünki, qardaş ölkənin əsas idxal malı olan neft və qazın qiyməti kəskin (2-3 dəfə) düşmüşdü. Tədiyyə balansının vəziyyəti xeyli yüngülləşməli idi. Kontur tədbirlər nə qədər zəif olmuşdur ki, heç bu üstünlük də ölkənin vəziyyətinə az da olsa müsbət təsir edə bilməmişdir.
Məsələ burasındadır ki, son illərin düçünülməmiş siyasəti vəziyyətin geri öz yerinə qaytarılması üçün ayaq yeri də qoymamışdır. Uzun müddətli iş aparmaq lazımdır ki, buraxılmış imkanlar bərpa olunsun. Qardaş ölkənin millət vəkilləri, xüsusilə, problemin dərinliyini anlayan CHP millət vəkilləri ciddi araşdırma aparmalı və müvafiq tədbirlər sistemi hazırlamaladırlar.
prof.i.e.d. Saleh Məmmədov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.